Qazinin qanı ilə qazanc əldə edənlər və qansızların müavinət meymunluğu

Qazinin qanı ilə qazanc əldə edənlər və qansızların müavinət meymunluğu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yanvarın 13-də sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması istiqamətində bir sıra fərman və sərəncamlar imzaladı.

Belə ki, imzalanan fərmanlara əsasən əhalinin həssas təbəqəsinin maddi rifahının yaxşılaşdırılması məqsədilə dövlətin ayırdığı müavinətlərin məbləği artırılıb.

Prinsip etibarilə 2023-cü ildə müavinətlərin artırılması gözlənilirdi:

Birincisi, ötən il 2023-cü ilin dövlət büdcəsi açıqlanarkən sosial sferaya 15.2 milyard manatın ayrılacağı açıqlanmışdı. Müqayisə üçün deyim ki, bu, il ərzində büdcə xərclərinin 46.0 faizi deməkdir. Yəni bu, il ərzində dövlət büdcəsinin az qala yarısının sosial sferaya yönəldiləcəyi mənasına gəlir.

İkincisi, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində “hələ idxaldan asılıyıq, yüksək inflyasiya Azərbaycana idxal edilib. İdxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur” dedi. Yəni ölkə başçısı ölkədəki bahalaşma və inflyasiyanı qeyd edərək həm də əhalinin maddi rifahının yaxşılaşdırılması məqsədi ilə dövlətin ayırdığı müavinətlərin məbləğinin artırılacağının anonsunu verdi.

Mərhələli şəkildə icra ediləcək bu siyasətin ilk raundu kimi əhalinin həssas təbəqəsinin maddi rifahının yaxşılaşdırılması məqsədilə dövlətin ayırdığı müavinətlərin məbləği artırıldı. Son bir neçə ildə həmin təbəqədən olan insanları əhatə edən bir sıra mühüm fərman və sərəncamlar da imzalanıb. Bu isə bir daha dövlətin bu sisoal qrupdan olan vətəndaşlara xüsusi qayğısının olduğunu göstərir.

Qaragüruhun səs-küyü

Bir daha qeyd etmək yerinə düşər ki, son sərəncamlar bu il sosial paketin genişləndirildiyini göstərir. Bütövlükdə, son sərəncam və fərmanların 2 milyon 700 mindən artıq vətəndaşımızı əhatə edəcəyi qeyd edilir.

Bütün hallarda dövlətin sosial siyasəti çərçivəsində müavinətlərin artırılması müsbət haldır. Lakin bu müsbət hala kölgə salmaq, daha da irəli gedərək şər-böhtan, qarayaxma komandası ilə insanları manipulyasiya edəcək əsassız arqumentlər irəli sürənlər də az deyil.

Az qala hər şeydən şikayət edən, görülən hər işə mız qoyan bu şəxslərə “qaragüruh” deməmək mümkün deyil. Pensiyalar başda olmaqla digər müavinətlər artmayanda onsuz da şikayət edən, gileylənən bu zümrə nədənsə artım olanda da gileylənir, səsləri daha gur çıxır.

Məqsəd həqiqətən bir problemin həllini tələb etməkdirsə və ya müavinətlərin artmasıdırsa bu edilir. Yanvarın 13-də Prezidenti İlham Əliyevin imzaladığı fərmanlar da bunu təsdiqləyir.

Məntiqlə bu istiqamətdə narazılıq edənlər sevinməlidir. Əlbəttə bu hadisəyə sevinənlər var, lakin cəmiyyətin qaragüruh təbəqəsi hazırda bunun tam əksini edir.

Müharibə iştirakçılarının 80 manat müavinəti niyə artırılmadı?

Hazırda ən çox verilən və insanları düşündürən sual yəqin ki, məhz budur. Müharibə iştirakçılarının aldığı 80 manat müavinətin dəyişməz olaraq qalmasına yönəlik iradlarının haqlı və səmimi tərəfi olsa da əhalinin bu xüsusi təbəqəsinin narazılığının üstünə benzin tökənlər də az deyil. Müqayisə üçün belə şəxsləri kütləvi davalarda tərəfləri ayırmaq yerinə qızışdıran, daha sonra həmin davaya baxıb həzz alanlara bənzətmək olar.

Hazırda sosial şəbəkələrdə bu məsələni manipulyasiya edərək  qabardan insanların haqlı narazılığını radikallaşdıraraq öz çirkin niyyətləri üçün istifadə edənlər var.

Baxmayaraq ki, sosial cəhətdən həssas əhali qruplarının –  əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissəsidir.

Müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi daim diqqətdə saxlanıldığı bilinən bir reallıqdır. Misal üçün, ötən ilin əvvəlindən bu kateqoriyadan olan şəxslərə Prezidentin aylıq təqaüdünün təyinatı aparılıb. Yəni bu istiqamətdə hələ yeni təyinat aparılıb. Lakin Prezidentin aylıq təqaüdünün təyinatı aparılan şəxslər 44 günlük Vətən müharibəsi iştirakçılarıdır. Yəni bu şəxslərin müavinətinin artmaması hardasa normaldır. Lakin birinci Qarabağ müharibəsi iştirakçılarının 80 manat təminatı uzun illərdir dəyişməz olaraq qalır və məhz onların müavinətinin artmaması haqlı iraddır.

Qazilərin qanı hesabına siyasət aparanlar

Əslində “Müharibə iştirakçılarının 80 manat müavinəti niyə artırılmadı?” sualını cəmiyyətin müzakirəsinə çıxaranlar da, sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması istiqamətində islahatları pisləyənlərin də kim olduğu və niyə belə davrandığı məlumdur.

Bu şəxslər özlərini Azərbaycandakı radikal müxalifət adlandıran, əslində isə xaricdən maliyyə alan “5-ci kolon”dan ibarət Əli Kərimli və onun zombi qrupudur. Onların bu cür qarayaxma kampaniyasının məqsədi də bəllidir.

Məsələ ondadır ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan istənilən addım Əli Kərimlinin dilini gödək edir. Buna görə də qaziləri, şəhid ailələrini siyasi oyunlara alət edən, onların heysiyyətləri üzərindən siyasi şou düzəldib pul qazanmağa öyrəşən Əli Kərimli və siyasi tayfası yeni şou yaratmaq istəyir.

80 manat müavinət niyə artırılmadı sualının kökündə əslində yeni qazi intiharları tendesiyasının başlanması dayanır. Ssenari isə təxminən belədir:

  1. Əli Kərimlinin təlimatı ilə öncə “Müharibə iştirakçılarının 80 manat müavinəti niyə artırılmadı?” sualı sosial şəbəkələrdə yayılmalı, daha sonra trol şəbəkəsi başda qazilər və cəmiyyətin həssas təbəqəsini olmaqla insanları qızışdırmalıdır.
  2. Bir neçə qazi eşitdikləri xəbərlərin təsiri ilə stress keçirib canına qəsd etməlidir.
  3. Qazi intiharları yenidən “Meydan tv”, “Azad söz”, “Azadlıq Radiosu, “Azadlıq” qəzeti, “Azərbaycan saatı”, “Osmanqızı”, Əli Kərimli və başqa səhifələrdə aktuallaşmalı, hakimiyyəti tənqid edən qazi intiharlarını pisləyən videolar, statuslar paylaşılmalıdır.
  4. Sonda isə bütün bu materiallar Avropada fəaliyyət göstərən müvafiq təşkilatlara, erməni lobbisinə göndərilərək vəd olunan pullar alınmalıdır.

Bu gün heç kəsə sirr deyil ki, radikal müxalifət rəhbərləri məhz qazilərin, şəhid ailələrinin problemlərini bayraq edib, bundan maddi və siyasi dvidend əldə edirlər.

Bu yazılanları əslində bütün qazilərimiz, cəmiyyətin həssas sosial təbəqəsinə mənsub insanlar nəzərə almalıdır. Haqq aramaq ayrı bir şeydir, kimlərinsə siyasi oyunun aləti olmaq, “like” və “baxış” toplama alətinə çevrilmə tamam ayrı bir şeydir.

Problemlərinin həlli onsuz da dövlətimizin prioritetidir və həll ediləcək. Heç kəsin bundan şübhəsi olmasın!

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı