“Qazaxlı Alik”in həbsdəki oğlundan XƏBƏR VAR

Özünü Milli Fədailər Hərəkatının sədri kimi təqdim edən Fuad Muradov 3 oktyabr 2023-cü il tarixində hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Hazırda F.Muradov haradadır? Məhkəməsi nə zaman başlayacaq?

Globalinfo.az-a danışan F.Muradovun atası “Qazaxlı Alik” kimi tanınan Alik Muradov oğlunun hələ də təcridxanada olduğunu bildirib. O, istintaq müddətinin uzadıldığını deyib:

“İstintaq zamanı üçün seçilən 4 ay müddəti başa çatıb. Həmin 4 ay ona görə idi ki, Fuad təcridxanada olan dövrdə araşdırma aparılsın. Lakin araşdırma hələ aparılmayıb. Bu səbəbdən də müddət uzandı. Yəqin ki, yaxın zamanda məhkəmənin nə zaman keçiriləcəyini deyərlər. Bu günə kimi heç bir üzləşmə də olmayıb. Biz də gözləyirik ki, nəhayət, iş məhkəməyə ötürülər”.

Alik Muradov

Alik Muradov oğlunun təcridxanaya yerləşdirilməsini belə izah edib:

“Onu ona görə təcridxanaya yerləşdirdilər ki, oğlum istintaqın gedişatına mane olmasın. Yəni harasa qaçmasın, gizlənməsin və s”.

O, oğlunun ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət etdiyini bildirib:

“Düzdür, ev dustaqlığına buraxılmasını istəyirdik və bu səbəbdən vəkili məhkəməyə müraciət etmişdi, amma müraciətimiz təmin olunmadı. Sonra Apelyasiya Məhkəməsinə müraciət olundu, 7 saat məhkəmə keçirildi, lakin burada da müraciət rədd edildi. Ona görə də oğlum təkrar təcridxanada qalası oldu”.

Qeyd edək ki, Fuad Muradov Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham olunur.

Zaira Akifqızı
Globalinfo.az