
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişin qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur.
Globalinfo.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətdən məlumat verilib.
Bununla belə, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər.
Həmçinin axşam saatlarında Bakı-Xırdalan-Sumqayıt istiqamətində saat 20:20-a, Bakı-Pırşağı-Sumqayıt istiqamətində isə saat 23:00-a qədər bütün reyslər qrafik üzrə həyata keçiriləcək.
“Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”, – deyə ADY bəyan edib.
***
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qeyri-sabit hava şəraiti ilə əlaqədar yaranan problemləri operativ şəkildə aradan qaldırıb.
Globalinfo.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Bildirilir ki, şəhər saatlarında güclü külək və aramsız yağış səbəbindən ağacın kontakt şəbəkənin üzərinə aşması, bəzi sahələrdə su yığılması və elektrik enerjisinin kəsintisinə görə gecikmələr olsa da, ADY bütün resurslarını səfərbər edərək yaranmış çətinliklərin aradan qaldırılmasını təmin edib.
“Ərazilərə əlavə işçi qüvvəsi, su nasosları və müvafiq avadanlıqlar cəlb edilərək operativ tədbirlər görülüb. Gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirən ADY-nin əməkdaşları tərəfindən bütün ərazilərə nəzarət edilir”, – məlumatda deyilir.














