Hazırkı mərhələdə Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşviliyə qarşı ittiham irəli sürülməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə onun vəkili Lili Gelaşvili yerli mediaya açıqlamasında bildirib.
O, qanunsuz gəlir əldə etmə və korrupsiyanın ayrı-ayrı anlayışlar olduğunu qeyd edib.
Vəkil İ.Qaribaşvilinin məsələ ilə bağlı yaxın günlərdə xüsusi bəyanatla çıxış edəcəyini deyib.
Qeyd edək ki, İ.Qaribaşvili bu gün Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilib. O, illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.
Xatırladaq ki, İ.Qaribaşvili Gürcüstanın Baş naziri vəzifəsini 2013-2015 və 2021-2024-cü illərdə tutub. O, 2024-cü ilin fevralın 1-də hakim “Gürcü Arzusu” partiyasının sədri seçilib, bu ilin aprelin 25-də vəzifəsini tərk edərək siyasətdən getdiyini bildirib.
***21:31
Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili dindirilmə zamanı qanunsuz gəlir əldə etdiyini etiraf edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti yanında Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin direktoru Emzar Qaqnidze brifinq zamanı bildirib.
“Bu gün keçmiş baş nazir İrakli Qaribaşvili Dövlət Təhlükəsizlik Xidməti yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilib. O, istintaqla tam əməkdaşlıq edir və bir neçə il ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib”, – Qaqnidze bildirib.
Qaqnidzenin sözlərinə görə, yaxın günlərdə istintaq orqanı Qaribaşvilinin əməllərinin necə təsnif ediləcəyinə və ona qarşı hansı qabaqlayıcı tədbirin seçiləcəyinə qərar verəcək.
Gürcüstan Baş Prokurorluğu bundan əvvəl Qaribaşvilinin, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili və keçmiş baş prokuror Otar Partsxaladzenin, habelə onlarla əlaqəli 8 şəxsin evlərində axtarış aparıldığını bildirib. Daha sonra Dövlət Təhlükəsizliyi Xidməti keçmiş məmurların və onların ailə üzvlərinin evlərindən 7 milyon dollardan çox pul, 198 qiymətli əşya və saat, qiymətli rəsm əsərləri, minlərlə səhifəlik sənəd, 50 mobil telefon, 119 elektron cihaz müsadirə olunduğunu bildirib. Daha sonra Baş Prokurorluq daha 4 milyon dollar ələ keçirildiyini bildirdi.
2024-cü ildə Qaribaşvilini hazırkı baş nazir İrakli Kobaxidze əvəz etdi. Qaribaşvili hakim Gürcü Arzusu – Demokratik Gürcüstan partiyasının rəhbəri postunda Kobaxidzeni əvəzləyib və apreldə siyasətdən getdiyini bəyan edib. Qaribaşvili 2013-2015-ci illərdə və yenidən 2021-2024-cü illərdə Gürcüstanın baş naziri olub. Bundan əlavə, müxtəlif vaxtlarda daxili işlər naziri və müdafiə naziri vəzifələrində çalışıb.