Qaribaşvili-Əliyev görüşü niyə Qəbələdə baş tutdu? – Politoloqdan izah

 

“İrakli Qaribaşvilinin ölkəmizə səfərinin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfərinin məqsədi haqda danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur:

“İki ölkə arasındakı münasibətlər regional əməkdaşlığın ən gözəl nümunəsidir. Bakı və Tiflis arasında strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf edir.

Qabil Hüseynli

Ölkələrarası münasibətlər dövlət başçıları səviyyəsində də uğurla inkişaf etdirilir. Xüsusilə qeyd etmək lazımdır ki, bu səfər İ.Qaribaşvilinin ölkəmizə sayca 3-cü səfəridir. Bundan əvvəl o, 2021-ci il mayın 5-də Azərbaycana rəsmi səfər və 2021-ci il sentyabrın 29-da isə işgüzar səfər etmişdi.

Bu gün rahatlıqla deyə bilərik ki, Gürcüstan və Azərbaycan iki dost müttəfiq ölkədir. İki ölkənin münasibətlərinin müttəfiqlik səviyyəsinə qalxmasında Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərləri də mühüm rol oynayıb. Azərbaycan Prezidenti 2022-ci il oktyabrın 24-də Gürcüstana işgüzar səfəri zamanı Mçxeta rayonundakı Muxrani sarayında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşüb, onunla birgə “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olub.

Sərgi ilə tanışlıqdan sonra mətbuata bəyanatla çıxış edən dövlətimizin başçısı müttəfiqlik səviyyəsinə qalxan münasibətlərin yalnız ölkələrimiz və bölgə üçün deyil, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıdığına diqqət çəkmişdi.

Onu da qeyd edim ki, Gürcüstan 44 günlük müharibə zamanı Ermənistana Rusiyada və digər Avropa ölkələrindən gələn yardımların qarşısını almış quru və hava sərhədini bu tipli yardımlara bağlamışdır”.

Politoloq İrakli Qaribaşvili ilə Prezident İlham Əliyevin Qəbələdə görüşməsinə aydınlıq gətirib:

“Hesab edirəm, burada qeyri-adi heç nə yoxdur. Ölkə və hökumət başçıları mütləq şəkildə paytaxtda bir araya gəlməlidir deyə bir qayda yoxdur. Qeyd etdiyim kimi, Azərbaycan Prezidenti də 2022-ci il oktyabrın 24-də Gürcüstana işgüzar səfəri zamanı Mçxeta rayonundakı Muxrani sarayında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşüb. Yəni burada qeyri-adi heç nə yoxdur”.

Turan Rzayev
Globalinfo.az