Qardaşlıq münasibətlərinin rəmzi    

Qardaşlıq münasibətlərinin rəmzi    

Tarixi Zəfərimizin, hərbi qüdrətimizin dünyaya təqdimatı olan Zəfər paradının keçirilməsindən üç il ötür.

İnkişafa Doğru İnteqrasiya İctimai Birliyi bununla bağlı Globalinfo.az-a açıqlamasında qeyd edib ki, Zəfər paradı, eyni zamanda, dünyaya nümunə olan Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin növbəti  təqdimatı oldu. 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı ilk andan Azərbaycana siyasi və mənəvi dəstəyini əsirgəməyən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradında da dövlət başçısı İlham Əliyevin yanında olması, paradı birgə qəbul etmələri dünyaya bu mesajı çatdırdı: Azərbaycan və Türkiyə hər zaman bir yerdədir.

Böyük Öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tezisləri bütün dövrlər üçün aktuallığını qorumaqla yanaşı, münasibətlərimizin gələcək inkişafında yol xəritəsi rolunu oynayır. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir,  sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaqlar.

O da bildirilib ki, 2021-ci ildə Qarabağın tacı Şuşanın şahidliyi ilə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının təqdimatı oldu. Bu gün dünya bu birliyi, həmrəyliyi işğaldan azad edilmiş ərazilərimizin bərpasında, yenidən qurulmasında görür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradındakı çıxışında  əminliklə bildirmişdir: “Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.”