Qarabağın dinc əhalisinin köç etməsini istəmirik, amma… – Şeyx

“Biz Qarabağın dinc əhalisinin köç etməsini istəmirik. Onlar Azərbaycan vətəndaşlığını qəbul edərək bütün insan hüquqlarınndan istifadə edə, o cümlədən, dini ehtiyaclarını öz məbədlərində yerinə yetirə bilərlər. Lakin bəzi məkrli qüvvələr bu köçdə maraqlıdırlar”.

Globalinfo.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 2-də Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfirliyində Anqlikan Kilsəsinin rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbi ilə görüşdə deyib.

Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould görüş iştirakçılarını səmimi salamlayıb, belə bir əhəmiyyətli görüşü yüksək dəyərləndirib. Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri Elin Süleymanov, öz növbəsində, tolerant Azərbaycanın multikultural harmoniya mühiti barədə məlumat verərək bu sahədə Azərbaycanın dini konfessiya rəhbərlərinin fəaliyyətini, xüsusilə Şeyxülislam A.Paşazadənin böyük rolunu xüsusi qeyd edib.

Nahar masası ətrafında baş tutan görüşdə Arxiyepiskop Castin Velbi Azərbaycanda müxtəlif dini konfessiya ardıcıllarının harmoniya mühitində birgə yaşamaqlarının, eyni masa ətrafında xristian, müsəlman, yəhudi din xadimlərinin bir araya gəlməsinin böyük dəyər kəsb etdiyini vurğulayıb.

Görüşün təşkili üçün hər iki ölkə səfirlərinə təşəkkürünü bildirən QMİ sədri A.Paşazadə dinlər arasında əməkdaşlıq münasibətlərinin vacibliyini diqqəti çəkib. Bildirib ki, tolerantlıq, dinlərarası anlaşma, multikulturalizm Azərbaycan dövlətinin sərvətidir və bu münasibətlərin təməlində xalqımızın milli-mənəvi dəyərləri və dövlət siyasəti durur.

Görüşdə bölgədəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı. Şeyxülislam A.Paşazadə BMT-nin qətnamələrinə və beynəlxalq hüquqa uyğun öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərimizdə apardığı genişmiqyaslı quruculuq işləri, şəhər və kəndlərin yenidən salınması ilə yanaşı dağıdılmış dini məbədlərin — məscidlərlə yanaşı digər məbədlərin bərpa və yenidən qurulması barədə qonağı ətraflı məlumatlandırıb. Bildirib ki, işğal dövründə ərazilərdə dini-mədəni abidələrə qarşı vandalizm aktlarının, qəbirstanlıqların dağıdılması və məscidlərin həqarət olunması faktlarının miqyası dəhşət doğurucu səviyyədə olub. QMİ sədri A.Paşazadə münaqişənin qurbanı olan bir milyona yaxın azərbaycanlının taleyini xatırladaraq Ermənistandan etnik təmizləmə siyasəti ilə zorən qovulmuş soydaşlarımızı, Qarabağ və ona bitişik rayonlardan öz dədə-baba yurdlarından ayaqyalın məcburi köçkün düşmüş, Xocalıda qətliama uğradılmış əhalimizin üzləşdiyi məşəqqətləri qonağın diqqətinə çatdırıb.

Şeyxülislam A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağda yaşayan erməni əhali barədə “onlar bizim vətəndaşlarımızdır və Azərbaycan vətəndaşlarının bütün hüquq və azadlıqlarından istifadə edə biləcəklər” fikrini ingilis din xadiminin diqqətinə çatdıraraq, dövlətimizin reinteqrasiya istiqamətində atdığı əməli addımlardan danışıb.

Anqlikan Kilsəsinin rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbi, öz növbəsində, Qarabağdan köç edən erməni əhalinin vəziyyətindən narahat olduqlarını dilə gətirib. Bildirib ki, dinc sakinlər, qadınlar və uşaqlar bu vəziyyətdən əziyyət çəkirlər. O bildirib ki, Qarabağ insanların bir araya gəldiyi, konsolodasiya məkanı olmalıdır. İnsanlar sülh içində yaşamalıdırlar. O, ötən şənbə Roma Papası ilə görüşdüyünü və Azərbaycan və erməni xalqları üçün birgə dua etdiklərini Şeyxülislamın diqqətinə çatdırıb. Əlavə edib ki, yaxın dostu Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd ət-Tayyibdən xahiş edəcək ki, bu işdə o da Şeyxülislam A, Paşazadəyə yardımını əsirgəməsin. A.Paşazadə qeyd etdi ki, o, Əl-Əzhər Şeyxinin sədri olduğu Müsəlman Ağsaqqalları Şurasının üzvüdür və bu yaxınlarda Misirdə Fətva Forumunda möhtərəm Şeyxlə görüşəcəkdir.

Şeyxülislam A. Paşazadə işğal dönəmində münaqişənin sülh yolu ilə həlli istiqamətində diplomatik səylərlə yanaşı dinlərarası dialoq müstəvisində baş tutan görüşlər barədə qonağa danışıb. Bildirib ki, müxtəlif illərdə Ümumdünya Kilsələr Şurası, Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə erməni və Azərbaycan dini liderlərinin üçtərəfli görüşləri baş tutub. Vasitəçilik missiyası ilə bağlı təkliflərə gəlincə, Anqlikan Kilsəsinin bu işdə iştirakına müsbət baxılıb.

Görüşdə Azərbaycandakı yəhudi dini konfessiya başçıları – Dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev və Aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal iştirak ediblər. M. Yevdayev və S.Seqal Azərbaycan cəmiyyətinin tolerant mühitindən ətraflı danışıb, yəhudilərin multikultural Azərbaycanda xoş həyat sürdüklərini fəxarətlə vurğulayıblar.