Naşir “türkcəni dövlət dili edək” dedi, ara qarışdı – Sərt reaksiyalar

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu öz feysbuk səhifəsində Türkiyə türkcəsinin Azərbaycanda dövlət dili kimi qəbul edilməsini təklif edib. O buna əsas kimi, ölkəmizdə türkcə kitabların Azərbaycan dilində nəşr olunmuş kitablardan daha çox satıldığını, eləcə də dilimizin son 30 ildə ciddi nailiyyət əldə edə bilməməsini göstərib. Onun bu təklifi ictimaiyyətdə etirazla qarşılanıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bu təklifin əleyhinə olduğunu bildirib:

“Şahbaz Xuduoğlu ilə münasibətim kifayət qədər yaxşıdır, amma bu, doğru fikir deyil. Onun bu fikirlərinin kitablarına satışı məsələsinə heç bir aidiyyəti yoxdur. Əgər kitablarımız oxunmursa, deməli, keyfiyyəti ürəkaçan deyil. Bu təqdirdə nəşriyyat olaraq keyfiyyətsiz materialları çap etməsinlər.

Biz bir millət, toplum kimi varıq və belə də yaşamalıyıq. Əlbəttə, Türkiyə ilə qardaşıq, köklərimiz eynidir, amma dillərimiz fərqlidir. Öz dilimizi kənara qoyub, başqa bir ölkənin dilini qəbul etmək o deməkdir ki, biz millət deyilik, heçnəyik! Biz azərbaycanlıyıq, öz dilimiz, dövlətimiz var. Türk dövlətlərilə nə qədər yaxın olsaq da, özümüzü unutmamalıyıq”.

İsveçrədə yaşayan azərbaycanlı yazıçı Ələkbər Əliyev isə naşirin bu təklifinin onun öz biznesinə mənfi təsir edəcəyini bildirib:

“Kitabların hamısı Türkiyədən gələcəksə, nəşriyyat nə iş görəcək? Deyək ki, nəşriyyat azərbaycanlı müəllifləri çap etməyə davam edəcək, amma Anadolu türkcəsində. Bəs həmin türkcəni necə “əldə edəcəksiniz”? Azərbaycanlılar öz bildikləri dildə yazacaq, kitablar Anadolu türkcəsinə tərcümə olunacaq? Yoxsa azərbaycanlılar Anadolu türkcəsini mükəmməl öyrənib, sonra kitab yazmalıdırlar? Mənə elə gəlir ki, Şahbaz bu təklifin bir addım sonrasını düşünməyib”.

Ayşən Mustafa
Globalinfo.az