Məhkəmə prosesində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Bako Saakyan, Araik Arutyunyan, Davit İşxanyan və Davit Babayana Ermənistan SSR-in ərazisində və Azərbaycan SSR-in tərkib hissəsi olan Qarabağda Ermənistan tərəfindən yaradılan, onun dəstəyi və rəhbərliyi altında fəaliyyət göstərən, cinayətkar birliyin özəyini təşkil edən qanunsuz silahlı birləşmələrin rəhbərləri və iştirakçıları, Ermənistanla, onun rəhbərliyi və yüksək vəzifəli şəxsləri ilə əlaqələri, fəaliyyəti, onların bu birləşmələrin fəaliyyətində iştirakı, habelə “böyük Ermənistan” cinayətkar ideologiyası, “Miatsum” və “Qarabağ” hərəkatlarının məqsədi, həmçinin “Krunk” təşkilatının funksiyaları, fəaliyyəti, müdafiə etdiyi ideyalar, qeyd olunan hərəkatlara rəhbərlik edən şəxslər və təqsirləndirilən şəxslərlə onların əlaqələri, Qarabağda təşkil edilən qanunsuz mitinqlərdə təqsirləndirilən şəxslərin iştirak edib-etməmələri, həmin mitinqlərdə çıxış edənlər, insanların mitinqlərə kim tərəfindən və hansı formada cəlb edilmələrinə, yaxud dəvət olunmalarına dair suallar verilib.
Globalinfo.az xəbər verir ki, təqsirləndirilən şəxs Bako Saakyan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında etiraf edib ki, Qarabağda silahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub.
O, kəndlərdə və şəhərlərdə silahlanmanın olduğunu bildirərək qeyd edib:
“Silahların bir hissəsi dislokasiya olunmuş sovet hərbi hissələrindən idi. Bundan başqa, Ermənistandan silah tədarükü var idi. Silahlanma ilə bağlı əsas istiqamətlər bunlar idi”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 13-də davam etdiriləcək.














