“Qarabağ”da nələr baş verir? – Komanda ətrafında gizli oyunlar…

“Qarabağ”da nələr baş verir? – Komanda ətrafında gizli oyunlar...

“Qarabağ” Futbol Klubunun (FK) Bakıda “Ayaks”a məğlub olması birmənalı qarşılanmadı. Bu komandada tənəzzül dövrünün başladığı haqda fikirlər səslənir. Təkcə bu deyil, son vaxtlar FK ilə bağlı bir neçə istiqamət üzrə problemlərin olduğu açıq deyilir, yazılır. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da getdikcə hədəfə çıxarılması müşahidə olunur.

“Qarabağ”da nə baş verir? Pərdə arxasında hansı proses gedir?

Globalinfo.az-a danışan idman jurnalisti Natiq Muxtarlı deyib ki, “Qarabağ”ın Avropa Liqasının ilk 3 turunda xalsız qalmasının bir sıra səbəbləri var.

Onun fikrincə, komandada ənənəvi “xəstəlik” sağalmayıb:

“Xəstəlik dedikdə yaradılan imkanlardan istifadə edilməməsini nəzərdə tuturam. Bu, vacib amildir. Qələbə qazanmadıqca, komandada özünəinam hissi aşağı düşür. Hazırda “Qarabağ”ın futbolçularında özünəinam hissi yoxdur. Bu da əsəbilik, sərtlik yaradır, nəticəsi isə qırmızı vərəqə olur. “Ayaks”la oyunda bunu bariz şəkildə müşahidə etdik. Nə Romaonun, nə də Medinanın epizodlarında elə qayda pozuntularına yol verməyə lüzum yox idi. Elvin Cəfərquliyev az qala hər oyunda qırmızı vərəqə alır. Bu futbolçu ilə iş aparılmalıdır. Ya məşqçilər, ya da psixoloqlar onunla intensiv işləməlidir. Ya düzəlməlidir, ya da gedib, “Səbail”də oynamalıdır. Belə futbolçuya “Qarabağ”da yer olmamlıdır. Etiraf etmək lazımdır ki, artıq mövcud “Qarabağ” qocalıb. Komandaya yeni nəfəs lazımdır. Heyət tədricən dəyişməlidir. Bu prosesə qışda başlamaq lazımdır. Növbəti mövsümü nəzərə alıb, daha gənc futbolçular transfer edilməlidir ki, yaya qədər komandaya adaptasiya ola bilsinlər”.

Jurnalist deyib ki, bəzi futbolçularla – “hər an partlayan mina” olanlarla yollar ayrılmalıdır:

“Qarabağ”da nələr baş verir? – Komanda ətrafında gizli oyunlar...

Natiq Muxtarlı

“Kimdir onlar? Yersiz qırmızı vərəqə alanları nəzərdə tuturam. Romao, Elvin Cəfərquliyev bu tip futbolçulardandır. “Qarabağ”ın islahata ehtiyacı var və bu işə başlanmalıdır. Amma Qurban Qurbanovun hədəfə gətirilməsi isə tam qərəzdir. Bilirsiniz, Azərbaycanda bir zümrə var ki, hədəfi ancaq və ancaq uğur qazanan azərbaycanlılardır.

Bu “Qarabağ”ı quran Qurban Qurbanovdur. Tam əminliklə deyirəm, Qurban Qurbanov olmasa, hazırkı “Qarabağ” da olmayacaq. “Qarabağ” olacaq “Neftçi”, “Səbail, “Sabah”. Ölkədə ikinci, üçüncü “Qarabağ” yaradılmalıdır. Buyurun, “Qurban Qurbanov getməlidir” deyənlər, onun yerinə namizədiniz varsa, gətirin, qoy “Neftçi”ni, “Sabah”ı, “Səbail”i ikinci “Qarabağ” etsin. Onda ölkə futbolunda rəqabət yaranacaq. Rəqabət də inkişafı təmin edəcək. Ən azı Şotlandiya sistemi – “Seltik” -“Qlazqo Reyncers” rəqabəti olmalıdır Azərbaycan futbolunda. Biz bunu edə bilmirik, amma “Qurban getməlidir” deyirik”.

N.Muxtarlı bölgələrdə futbol meydançasının olmadığını vurğulayıb:

“Qarabağ”da nələr baş verir? – Komanda ətrafında gizli oyunlar...

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov

“Azərbaycan futbolunun reallığına baxın: ölkənin ikinci ən böyük şəhəri Gəncədə stadion yoxdur. “Kəpəz” didərgin həyat yaşayır. Həssas bölgə Naxçıvanın təmsilçisi Bakıda məskunlaşıb. Kurban Berdıyev Tovuzdakı stadiona baxanda dəli kimi qışqıraraq “məni hara gətiribsiniz” demişdi. Gedin, Şamaxıdakı stadionun süni örtüyünün keyfiyyətinə baxın. Orada futbol oynamaq cinayətdir. Uşaq futbolu yoxdur. Milli komanda hər kəs üçün xal mənbəyidir. Bütün yaş qruplarından olan yığmalar hətta Türkmənistana, Qırğızıstana da böyük hesabla məğlub olur. Biz isə tələb edirik: Qurban Qurbanov “Ayaks”a, “Tottenhem”ə qalib gələcək komanda qurmalıdır. Bu, tənqid deyil, məntiqin olmaması, reallığın nəzərə alınmaması, qərəzdir. Belə şəraitdə ardıcıl 11 il Avrokubokların qrup mərhələsində oynamaq – bu, olmamalı idi. Amma olub. Və indi biz reallığı unudaraq, onlardan möcüzə yaratmağı tələb edirik”.

Natiq Muxtarlı Qarabağ savaşı ilə futbolu tənqid edənləri müqayisə edib:

“44 günlük müharibəni xatırlayın: Rayonlarımız bir-birinin ardınca işğaldan azad edilir. Hər kəs Şuşanın azad ediləcəyi günü gözləyir. Biri də evində divanda oturub isti çaydan içir və kompüterin qarşına keçib yazır: “Ə, bə nə oldu, Şuşanı niyə almadıq?” Adam döyüşün nə olduğunu bilmir, Şuşa ətrafında əsgərlərin hansı çətinliklərlə üzləşdiyinin fərqində deyil, amma tələb edir. Eynən həmin adamlardır Qurban Qurbanovu hədəf seçənlər. Adamlar Azərbaycan Premyer Liqası ilə İngiltərə Premyer Liqası arasında hansı fərqin olduğunu bilmirlər, bilmək istəmirlər, amma Qurbanovdan tələb edirlər: ““Mançester Siti”ni, “Tottenhemi” məğlub edəcək komanda yarat”. Bu “yarat” tələbi deyil, bu “dağıt” tələbidir. Milyonları xərcləyib ikinci “Qarabağ”ı yarada bilməyənlər ciddi kompleks yaşayırlar. Ona görə də onların bir çıxış yolu qalır: “Qarabağ”ı dağıtmaq. “Qarabağ” dağılsa, heç kim “Neftçi”dən, “Sabah”dan, “Səbail”dən ikinci “Qarabağ” olmağı tələb etməyəcək. İndi aydın oldu Azərbaycan futboluna təhlükənin hansı istiqamətdən gəldiyi, Qurban Qurbanovu hədəf alanların kimlər olduğu?”

Zaira Akifqızı
Globalinfo.az