Qarabağda gərginlik: Separatçıların bu hərəkəti Xankəndini qarışdırdı

Qarabağda ermənilərin “humanitar böhran” şousu ilə bağlı yalanları bir-bir ifşa olunur.

Xankəndi və ətraf ərazilərdə ermənilərin planlı şəkildə yaydığı “çörək növbəsi, “ humanitar fəlakət”, “qida çatışmazlığı” iddiaları və yaydıqları saxta görüntülər elə öz aralarında narazılığa səbəb olub.

Globalinfo.az xəbər verir ki, insanları belə görüntülər paylaşmağa, Azərbaycanın humanitar dəstək təklifini qəbul etməməyə çağıran separatçıların öz ailələrinin Qarabağda olmaması ilə bağlı iddialar erməni sakinlər arasında ciddi narazılığa səbəb olub.

Belə ki, separatçıların “dövlət naziri” adlandırdığı Qurgen Nersisyan və digər bir neçə “rəsmi” nümayəndəsinin ailələrinin Qarabağda olmadığı, onların ərazidən kənarda lüks həyat yaşadığı bildirilir. Həmin şəxslərin bölgədə erməniləri Azərbaycandan humanitar dəstək qəbul etməməyə, məclislərdən şən görüntülər paylaşmamağa və Qarabağı tərk etməməyə çağırdıqları deyilsə də, ailələrinin hər şeydən kənardan rahat həyat sürməsi separatçılara qarşı narazılığı daha da artırıb.

Nersisyan bu iddiaları təkzib etsə də, Qarabağdakı ermənilər arasında onlara qarşı artıq inamsızlığın yarandığı bildirilir. Nəticədə bölgədə Azərbaycanın yardım təklifini qəbul etmək istəyənlərin sayı artır.

Ayşən Mustafa
Globalinfo.az