Region qaynayır, Qarabağda çənbər daralır: İlham Əliyevdən dahiyanə taktika

Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsi Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin yenidən Brüsseldə görüşməsini istəyir. Bu məqamda Qarabağda cərəyan edən son hadisələr göstərdi ki, Rusiya rəsmi Bakıya qarşı arzuolunmaz mövqedə dayanıb. Lakin Fransanın timsalında Qərb də zaman-zaman Ermənistanı müdafiə edir, beynəlxalq hüquqa, elementar ədalət prinsiplərinə zidd davranılır.

Azərbaycan bu iki tərəfdən hansını seçməlidir?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan millət vəkili Bəhruz Məhərrəmov ölkə başçısının bundan sonra da təhlükəsizliyin təmin olunmasında lazımi addımları atacağını deyib:

“Prezident İlham Əliyev istər Mişellə görüşdə, istərsə də T.Klaarı qəbul edərkən ölkəmizin Brüssel sülh gündəliyinə sadiq olduğunu bəyan etmişdi. Reallıq da bundan ibarətdir ki, Brüssel prosesi məhz Fransanın təxribatları və Ermənistanın qeyri-adekvat davranışı nəticəsində dalana dirənmişdi. Azərbaycanın mövqeyi dəyişməzdir və beynəlxalq hüququn prinsiplərini rəhbər tutmaqla sülhə aparan bütün prosesləri dəstəkləyir.

Bu gün Avropa İttifaqı yekun sülhdə səmimi olduğunu, prosesin daha 30 il uzanmasını istəmədiyini sübut etməlidir. Çünki Azərbaycanın iradəsinə zidd olaraq İttifaqın silahlı missiyasının regiona gəlişi, habelə Avropa İttifaqının müxtəlif strukturlarının, o cümlədən təşkilata üzv olan Fransa və digər bəzi dövlətlərin qərəzli, ədalətsiz, hüquqazidd davranışı cəmiyyətimizdə onlara qarşı ciddi inamsızlıq formalaşdırıb”.

Deputat deyib ki, yaranmış boşluqdan istifadə edən Rusiyanın son dövrlər sülh prosesində yenidən fəallaşması niyyət kimi alqışlanmalı olsa da, Moskvanın sonrakı davranışları Avropa İttifaqının addımlarından fərqlənmədi:

“Xüsusən Lavrovun sərhəd-buraxılış məntəqəsi ilə bağlı mövqeyi, habelə Rusiya sülhməramlılarının Ermənistanın təxribatlarına göz yumması, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsinə şərait yaratması, hətta Rusiya sülhməramlı kontingentinin bu daşımaları müşayiət etməsi Moskvanın niyyəti ilə bağlı çoxsaylı suallar yaradır.

Bu bir daha göstərir ki, sülh prosesində yalnız bir qütblə işləmək doğru strategiya deyil və cənab İlham Əliyev böyük uzaqgörənliklə haqlı olaraq bu prosesdə bir neçə güc mərkəzi ilə işləmək taktikası seçib.

Eyni zamanda cənab Prezident bu günə qədər heç bir prosesdə Azərbaycanın suveren hüquqlarını, o cümlədən özünümüdafiə hüququ çərçivəsində separatçı və revanşist meyilləri güc yolu ilə aradan qaldırmaq haqqını müzakirə predmetinə çevirməyib. Yəni istənilən halda Avropa İttifaqı, yaxud Moskvanın sülh prosesində fəaliyyətinin səmərəsindən asılı olmayaraq Azərbaycan özünün istədiyi konfiqurasiyaya nail olacaq”.

Zaira Akifqızı
Globalinfo.az