Qarabağda bundan sonra nə olacaq: sülh, yoxsa müharibə? – Ekspert detalları açıqladı

BMT Təhlükəsizlik Şurasının Ermənistanın tələbi ilə Qarabağdakı vəziyyətlə bağlı keçirilən iclası nəticəsiz başa çatdı. Rəsmi İrəvan umduğu nəticəni əldə edə bilmədi. İclasda heç bir qətnamə, bəyanat qəbul edilmədi. 

Maraqlıdır, rəsmi İrəvanın BMT TŞ-də üzləşdiyi diplomatik məğlubiyyətdən sonra regionda proseslər necə olacaq? Xüsusilə Qarabağda indən sonra məsələ sülhlə həll olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azad Demokratlar Partiyasının sədri (AzDP), təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib ki, müasir dünyada müharibələr strateji xarakter daşıyır:

“Son olaraq düşmənin diplomatik siyasi həmləsinin şahidi olduq. Yəni yumşaq güc elementlərindən düşmən bizə qarşı istifadə etməyə cəhd göstərdi.

Nəzərə almaq lazımdır ki, Ermənistan 44 günlük müharibə ilə hərbi savaşı uduzub. Buna görə də hazırda çalışır ki, sülh müqaviləsi imzalananadək vəziyyəti dəyişsin. Məhz buna görə hücumlarını davam etdirir. Özü də bunu bizim zəif tərəflərimizi axtarıb aşkarlayaraq edir.

Sülhəddin Əkbər

İndiki məqamda Ermənistan Azərbaycanla diplomatik siyasi kontekstdə mübarizə aparır. Bunu isə üç əsas məsələ ətrafında edir:

Birincisi, humanitar təzyiq – Bildiyiniz kimi, Ermənistan bir müddətdir “Qarabağda humanitar böhran var”, “Azərbaycan soyqırım edir”, “Arsax xalqı ölür” kimi iddialar irəli sürür. Bu iddialar ilə parale qanusnuz və razılaşdırlamdan sərhədimizə humanitar TIR-lar göndərir.

İkincisi, demokratiya və insan haqları – Ermənistan özünü demokratik, Azərbaycanı isə antidemokratik göstərməyə çalışır. Bununla həm də Qarabağ ermənilərinin Azərbaycanda yaşaya bilməyəcəyi arqumentini yaratmağa çalışırlar.

Üçüncüsü, beynəlxalq platformalardan istifadə – BMT Təhlükəsizlik Şurasının Ermənistanın tələbi ilə Qarabağdakı vəziyyətlə bağlı keçirilən iclas məhz bu kontekstdə idi. Ümumiyyətlə, Ermənistan elə bilir ki, onun beynəlxalq mövqeyi Azərbaycandan güclüdür. Xüsusilə xarici ölkələrdə güclü olan erməni lobbisi və diasporuna arxayın olan İrəvan bu istiqamətdə təzyiqlərini də artırır.

Vəziyyətin hələ bir müddət belə davam edəcəyini demək olar. Lakin nəticə Ermənistanın atacağı addımdan asılı olacaq. Geosiyasi vəziyyət sülhü labüd edir. Ermənistan bundan yayınarsa nəticəsi ilə üzləşməli olacaq”.

Turan Rzayev
Globalinfo.az