Qarabağ Universitetinin yeni rektoru ilə bağlı maraqlı FAKT

Şahin Bayramovun Qarabağ Universitetinə rektor təyin edilməsi maraqla qarşılanıb. Önəmli posta onun namizədliyinin verilməsi və təsdiq olunması insanlar arasında müzakirələr yaradıb. Belə ki, ictimaiyyətdə yeni rektorun kifayət qədər peşəkar və ədalətli olduğu qeyd edilir. Məhz bu cür rəylər də diqqət çəkir. 

Ş.Bayramov əslində kimdir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov yeni rektorun savadlı olduğunu bildirib.

Onun sözlərinə görə, Şahin Bayramov Mingəçevir Dövlət Universitetində də rektor olaraq çalışıb:

“Bundan sonra o, Elm və Təhsil Nazirliyində işlədi. Ş.Bayramov çox savadlı şəxsdir. Olduqca dürüst və peşəkardır. Mən onu nazirlikdə çalışan zaman tanımışam. Sözün hər mənasında mükəmməl insandır. Yenilikçi, müasir təhsili, elmi tədqiqatı bilən bir adamdır. Hətta Mingəçevir Dövlət Universitetinə rektor təyin olunduqdan sonra sözün əsl mənasında qısa müddət ərzində beynəlxalq reytinqdə irəliləyə bilən universitet qurdu. Yəni kifayət qədər yaxşı mütəxəssisdir. Mənə görə Qarabağ Universitetinə ən ideal rektor təyinatı oldu. Həm cavandır, elmi dərəcəsi var, beynəlxalq elmi jurnallarda məqaləsi mövcuddur, təhsili, elmi, tədqiqatı bilir. Ali təhsilin beynəlxalq reytinqi ilə bağlı məlumatlıdır. Çox mükəmməl rektor təyinatıdır. Münasibətimiz var, rəsmi tədbirlərdə də görüşürük”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Vaqif oğlu Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib.

Ş.Bayramov 1979-cu il iyulun 4-də Mingəçevir şəhərində anadan olub.

Zaira Akifqızı

Globalinfo.az