Qarabağ Universitetində tədris bu tarixdə başlayacaq – İxtisaslar

Qarabağ Universitetində tədris bu tarixdə başlayacaq - İxtisaslar

Xankəndidə yeni yaradılan Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar açıqlanıb.

Globalinfo.az bildirir ki, elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib ki, təhsil ocağında ilk mərhələdə 24 ixtisas tədris olunacaq.

Bunlar aşağıdakılardır: İbtidai sinif, Məktəbəqədər təhsil, Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, Korreksiyaedici təlim, Təhsildə sosial-psixoloji xidmət, İnformasiya texnologiyaları, Komputer elmləri, Komputer mühəndisliyi, Qida mühəndisliyi, Şəhərsalma, İnşaat mühəndisliyi, Beynəlxalq münasibətlər, Regionşünaslıq, Tarix, Kommunikasiya və rəqəmsal media, Beynəlxalq ticarət və logistika, Biznesin idarəedilməsi, İqtisadiyyat, Maliyyə marketinq, Menecment, Mühasibat, Turizm işinin təşkili, Turizm bələdçiliyi.

Nazir söyləyib ki, növbəti mərhələdə ixtisas seçimlərini sayı artırılacaq.

Emin Əmrullayev bildirib ki, Xankəndidə yeni yaradılan Qarabağ Universitetində tədris gələn ilin sentyabrında başlayacaq. Ali məktəbdə 1000 tələbənin təhsil alması planlaşdırılır.

Professor və müəllim heyətinin intensiv modullar əsasında Xankəndinə səfəri və onlayn qaydada tədrisin təşkili nəzərdə tutulur: “30-40 akademik heyətin orada daimi yerləşməsi planı da var. İlkin mərhələdə müəllimlərin bir qismi yaxın ərazidə yaşayacaqlar”.

Nazir vurğulayıb ki, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları əsasında I kurs tələbələri, SABAH qruplarında təhsil alan gənclərin orada təhsil alması mümkün olacaq: “Bundan başqa, mübadilə proqramları və ya ikili diplom proqramları da işlək olacaq. I mərhələdə 4 fakültənin olması planlaşdırılır. Növbəti mərhələdə ixtisas seçimlərinin sayı artırılacaq”.

Qarabağ Universitetində tədris bu tarixdə başlayacaq - İxtisaslar