“Qarabağ”-“Qalatasaray” matçında müzakirə yaradan məqam – hədəf göstərildi

“2000-ci ildə “Qalatasaray” UEFA kubokunu qazandıqdan sonra Azərbaycanda Türkiyə futboluna maraq daha da artdı. O gündən ölkəmizdə “Qalatasaray”ın bəlkə də sayı milyonu ötən azarkeş ordusu yarandı ki, belə analoji rəqəm Azərbaycanın heç bir futbol klubunda yoxdur”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Əməkdar jurnalist, Qol.az saytının baş redaktoru Aydın Bağırov dünən baş tutan “Qarabağ”-“Qalatasaray” oyununda daha çox Türkiyə klubuna azarkeşlik edilməsi haqda danışarkən deyib.

O bildirib ki, “Qalatasaray” azarkeşlərinin çoxluq təşkil etməsi təəccüblü deyil:

Aydın Bağırov

“Dünənki oyunda ”Qarabağ” azarkeşlərinin də sayı çox idi. “Qalatasaray” yad bir ölkənin deyil, qardaş Türkiyənin komandasıdır. “Qalatasaray”a daha çox adamın azarkeşlik etməsinin səbəbini öz daxilimizdə, futbol idarəçiliyində axtarmalıyıq. Çünki uzun illər Azərbaycan futbolunda həm klub, həm milli komanda səviyyəsində nəticələr olmadığına görə insanlar başqa ölkələrin, o cümlədən Türkiyənin komandalarına azarkeşlik edirlər”.

A.Bağırov deyib ki, bu, təbii şəkildə yaranan sevgidir:

“Kimsə kimisə məcbur etməyib ki, başqa ölkə futboluna azarkeşlik etsin. Bu gün Azərbaycanda Türkiyə seriallarına, mədəniyyətinə, musiqisinə pərəstişkarlıq edənlərin çoxluq təşkil etdiyi kimi, Türkiyə futboluna da maraq çoxdur. Necə ki kinomuzda, musiqimizdə düzəliş etməliyik, eləcə də futboldakı nöqsanları aradan qaldırmalıyıq ki, azərbaycanlı azarkeşlər artıq öz ölkəmizin komandalarına dəstək olmağa başlasınlar. Son illər “Qarabağ” uğur əldə etdikcə komandaya azarkeşlik edənlərin sayı sürətlə artmağa başlayıb. Futboldakı bu problemlər həll olunmadığı müddətə qədər Azərbaycan azarkeşi başqa ölkə klublarına pərəstişkarlıq etməli olacaq”.

Zaira Akifqızı
Globalinfo.az