Ağdamın “Qarabağ” klubu 6 avqustda Bolqarıstanın “Ludoqorets” komandası ilə qarşılaşacaq. Hazırda oyunla bağlı müzakirə olunan məsələ hansı komandanın şansının daha çox olmasıdır.
Mövzunu Globalinfo.az-a şərh edən idman eksperti Fuad Eldarov deyib ki, Ağdam klubu mərhələni keçmək üçün daha intizamlı və səliqəli futbola üstünlük verməlidir.
Jurnalist deyib ki, Razqrad klubunun oyunlarına nəzər yetirsək, daha çox sağ cinahdan hücumlara üstünlük verdiyini görə bilərik:
“Belə olan halda komandamızın sol cinahında çıxış edən Abdulla Zubir, Marko Yankoviç və Toral Bayramova daha çox iş düşəcək. Əlbəttə, baş məşqçi Qurban Qurbanovun bundan əvvəlki mərhələdən fərqli olaraq hansı futbolçulara ilk “11-lik”də şans verəcəyini indidən demək düzgün deyil. Amma ehtimal edirəm ki, “Linkoln”la olduğu kimi, bu matçda da həmin “trio”nu meydanda görəcəyik. “Qarabağ” klubunun heyətində yeni qapıçı Fabian Buntiçin bu qarşılaşmaya çıxıb-çıxmayacağı, özünü necə göstərəcəyi hələ də çoxlarında sual yaradır. “Linkoln” kimi komanda ilə oyunda uğurlu çıxışı məncə, hələ ki, özünü sübut etmiş demək deyil. İnanıram ki, Buntiç özünü “Qarabağ” və Azərbaycan azarkeşinə yaxşı mənada isbatlayacaq”.
Fuad Eldarov
Fuad Eldarovun fikrincə, ilk dəqiqələrdən komandamız Bolqarıstan təmsilçisinə sürətli hücumlarla təzyiq göstərərsə, Razqrad klubunun baş məşqçisi Georgi Derminciyev komandasının müdafiə futboluna çəkilməsinə göstəriş verə bilər:
“Rəqib Bakıda hesabı saxlayıb, Razqradda öz xeyirlərinə dəyişmək kimi oyun planı da qura bilərlər. Təbii ki, bu ehtimalları Qurban Qurbanov da dərindən hesablayır. Əlbəttə, komandamızın ən güclü silahı forvardımız Juninyodur. Mövsümün əvvəlindən çıxdığı 3 oyunun 3-də də fərqlənən braziliyalı hücumçunun bu oyunu da əliboş tərk edəcəyini düşünmürəm. İnanıram ki, komandamızın qələbəsində əsas pay sahiblərindən biri məhz Juninyo olacaq. Hər bir halda, “Qarabağ” klubuna uğurlar arzulayıram!”
Qeyd edək ki, “Qarabağ” FK 6 avqust saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Bolqarıstanın “Ludoqorets” klubu ilə qarşılaşacaq.
Zaira Akifqızı
Globalinfo.az














