Qanlı tarixə 22 gün qaldı: mühüm hadisələr yaşanacaq

Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Aleksey Danilov deyib ki, qarşıdakı 1-2 ay müharibənin taleyi üçün həlledici olacaq. Onun sözlərinə görə, Kiyevi ağır döyüşlər gözləyir. Danilov həmçinin söyləyib ki, Ukraynanın məqsədi təkcə ötən il fevralın 24-dək olan sərhədlərini bərpa etmək deyil, həm də Krım və Donbası azad etməkdir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu ay Ukraynada ciddi proseslərin baş verəcəyi gözlənilir:

“Bunun iki əsas səbəbi var. Birinci məqam ondan ibarətdir ki, bu ay müharibənin ildönümü tamam olacaq: fevralın 24-nə az qalıb. Həmin gün Rusiya Prezidenti Vladimir Putinin xalqa müraciət edəcəyi istisna deyil. Əlbəttə, o hansısa “müjdələr” verməlidir. Bunun üçün isə döyüş meydanında üstünlüyü ələ almaq lazımdır. Deməli, Rusiya ordusunun yaxın günlərdə genişmiqyaslı hücum əməliyyatlarına başlaması mümkündür.

İkinci tərəfdən, bir sıra Qərb ölkələri, o cümlədən Polşa, Almaniya, Britaniya Ukraynaya ağır və müasir tanklar verəcəklər. Həmin texnikaların fevralın sonu-martın əvvəlində təhvil verilməsi gözlənilir. Sözsüz ki, bu texnikalar döyüş meydanında Rusiyanın durumunu daha da çətinləşdirəcək. Bunu Kremldə başa düşürlər. Ona görə sözügedən tankların, o cümlədən “Leopard”ların təhvil verilməsinədək Rusiya üstünlüyü ələ almağa çalışır”.

Ekspertin fikrincə, Danilovun qarşıdakı aylar barədə səsləndirdiyi fikirlər də məhz tank tədarükü ilə bağlıdır:

“Yaxın günlərdə Rusiyada səfərbərliyin növbəti dalğasının elan olunması, Belarusdan ikinci cəbhənin açılması, həmçinin “xüsusi hərbi əməliyyat”ın “müharibə” kimi təqdim olunması gözləniləndir.

Hər bir halda Ukraynadakı savaş həlledici mərhələyə qədəm qoyub. Bu ay Rusiya daxilində və savaş meydanında ciddi proseslər baş verə bilər. Fevral-mart ayında yaşanacaq hadisələr savaşın taleyinə ciddi şəkildə təsir edəcək”.

Turan Rzayev
Globalinfo.az