Qafqazda Ukrayna ssenarisinə hazırlıq gedir? – Rikerin cavabı

“Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması üçün real imkan var”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Filip Riker deyib.

O, sülhün əldə olunması üçün iki liderin bir-biri ilə tez-tez görüşüb danışmalı olduğunu bildirib. Rikerin sözlərinə görə, Cənubi Qafqazda təhlükəsizliyin təmini ticarət, enerji proqramları, regionda infrastruktur imkanlarının genişləndirilməsi üçün geniş şərait yaradacaq.

Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatını konstruktiv adlandıran Riker suverenlik və ərazi bütövlüyünün sülh müqaviləsinin yalnız bir hissəsini təşkil etdiyini qeyd edib.

Bununla belə, eks-diplomat Qafqazda baş verənlərin Ukrayna ssenarisi olması fikri ilə razılaşmadığını bildirib. O, Bakı və İrəvan arasında ABŞ-ın dəstəklədiyi real prosesin getdiyini, Ukraynada isə tamam ayrı məsələnin reallaşdığını söyləyib.

İlkin Həsənov
Globalinfo.az