“Postsovet məkanında dəmir yolu layihələri əslində təkcə iqtisadi deyil, həm də hərbi-strateji məna daşıyır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Adekvat” birliyinin qurucusu Artur Danielyan deyib.
O, sosial şəbəkə hesabındakı paylaşımında 2004-cü ildən başlayaraq Mixail Saakaşvilinin dövründə Gürcüstanda baş verən hadisələri xronoloji ardıcıllıqla təqdim edib.
Danielyanın fikrincə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin gündəmə gəlməsindən sonra Gürcüstanla Rusiya arasında münasibətlər sürətlə gərginləşib:
“2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsi zamanı strateji körpülərin partladılması da təsadüfi deyildi”.
O, daha sonra diqqəti Ukraynaya yönəldərək bildirib ki, Kiyevin Avropa standartlarına uyğun dəmir yolu layihələrini inkişaf etdirmək istəyi də Moskvanın “qırmızı xətləri”ndən biri kimi qiymətləndirilib.
Danielyanın sözlərinə görə, Ukraynanın Avropa ilə inteqrasiya çərçivəsində sovet standartlı relsləri dəyişmək planları Rusiya tərəfindən təhlükə kimi qəbul olunub və sonrakı proseslər müharibəyə qədər uzanıb:
“Postsovet ölkələrində dəmir yolu islahatları formal olaraq iqtisadi layihə kimi təqdim olunsa da, əslində onların əsas mahiyyəti hərbi logistika ilə bağlıdır: “Dəmir yolu varsa, NATO qoşun gətirə bilər, yoxdursa, gətirə bilməz”.
Danielyan bildirib ki, Polşa, Baltikyanı ölkələr və Finlandiya uzun illər Rusiya standartlı rels sistemini dəyişməyə tələsməyiblər. Onun fikrincə, bu məsələ Moskva üçün son dərəcə həssasdır.
Politoloq paylaşımının sonunda Rusiyanın iki əsas “qırmızı xətti” olduğunu iddia edib:
“Bunlardan biri nüvə silahıdır, digəri isə sərhədlərinə yaxın ərazilərdəki dəmir yollarıdır”.
Əliyar Xəlil
Globalinfo.az