Putinin həbsinə görə danışıq aparıldı, lakin… – Kirakosyan

“Vladimir Putinin toxunulmazlığı məsələsi mübahisəlidir, çünki iki fərqli məhkəmə bu mövzuya müxtəlif şəkildə yanaşır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan ölkənin İctimai televiziyasına müsahibəsində deyib.

Onun Vladimir Putinin Ermənistana səfər edəcəyi halda həbs olunma ehtimalı ilə bağlı jurnalistin sualına cavabı isə mövzudan yayınma kimi qarşılanıb:

“Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsi vəzifədə olan prezidentlərin toxunulmazlığına fərqli yanaşırlar. Roma Əsasnaməsinin ratifikasiyası zamanı biz Rusiya tərəfinə qanuna əsaslanan ikitərəfli saziş imzalamağı təklif etmişdik. Bu saziş əsasında tərəflər müəyyən öhdəliklər götürə və ona istinad edə bilərdilər. Lakin ratifikasiyadan öncə Moskva ilə bu mövzuda müzakirə aparılsa da, həyata keçməsi mümkün olmadı. Ümid edirəm ki, xarici işlər nazirliklərinin əməkdaşları bu istiqamətdə müzakirələri davam etdirirlər”.

Jurnalistin sazişin imzalanacağı halda Rusiya Prezidentinin Ermənistana səfərinin problemsiz baş tutub-tutmayacağına dair sualına isə İrəvan rəsmisi maraqlı cavab verib.

“İndiki vəziyyətdə problemin yeganə məntiqli həll yolu ikitərəfli sazişdir. Başqa variant yoxdur”, – Kirakosyan bildirib.

Jurnalist isə “belə çıxır ki, Putinin Ermənistanda həbs olunmayacağına zəmanət yoxdur”, – deyib.

Qeyd edək ki, Ermənistan parlamenti 2023-cü ilin oktyabrında Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. Bu, İrəvanı Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə BCM-in onun həbs edilməsi barədə qərarına əməl etməyə məcbur edir.

Ayşən Mustafa
Globalinfo.az