
(ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın 1988-ci ildə Moskvanın Qırmızı Meydanına səfəri. Sol tərəfdə turist kimi görünən Vladimir Putindir)
ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırması siyasi sistemdə daşları yerindən oynadıb. Məlumata görə, hətta Polşaya çatmış hərbi yüklər də geri qaytarılacaq. Ekspertlər isə bu qərarı müharibədə Ukraynanın təslimiyyəti kimi dəyərləndirirlər. Artıq Kiyevin sazişi imzalamağa razılıq verməsi haqda xəbərlər yayılır.
Bu addım Kiyevin taleyinə necə təsir edəcək?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bununla ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskini atəşkəs imzalamağa vadar etmək istəyir:
“Ukraynanın hərbi sahədə əsas dəstəkçisi ABŞ idi. Hətta Avropa belə müvafiq yardımlar baxımından son 30-40 ildə Amerikaya möhtac olub. Üstəlik Tramp deyir ki, Ukrayna Rusiya ilə müharibədə ölkəsindən aldığı pulları geri qaytarmalı, borc müqabilində yeraltı sərvətləri güzəştə getməlidir. 30 il öncəki tarixə nəzər salaq. 1994-cü ildə Ukrayna dövləti Rusiya və ABŞ-ın kəskin iqtisadi təzyiqləri altında nüvə silahından imtina etmək barədə Budapeşt memorandumunu imzaladı. Rusiya və ABŞ isə memoranduma Ukraynanın ərazi bütövlüyü və dövlətçiliyinin qarantı kimi imza atdılar. Nə oldu? Qarant ölkələrdən biri Ukraynaya hücum etdi, digəri isə gözlənilən işğalçı plandan xəbərdar olsa da, buna göz yumaraq qarşısını almağa cəhd belə etmədi”.

Züriyə Qarayeva
Ekspert bildirib ki, beynəlxalq hüquq açıq-aşkar pozulur:
“Belə olmasaydı, Budapeşt memorandumuna imza atan qarantor ölkələr üçün Ukraynaya dəyən trilyon dollarlıq zərərin ödənilmə mexanizmi işə düşərdi. Bu yaxınlarda bir informasiya da yayıldı ki, 1980-ci illərdə özəl bizneslə məşğul olan Donald Tramp SSRİ Dövlət Təhlükəsizlik Komitəsi -“KQB(DTK)” tərəfindən məxfi agent kimi işə götürülüb. Ola bilsin ki, keçmiş KQB əməkdaşı olmuş Putində Trampı şantaj edəcək tutarlı dəlillər var. Buna görə də ABŞ Prezidenti Ukrayna torpaqlarının yarısını Rusiyaya peşkəş etməyə hazırlaşır. Bunun üçün Tramp-Putin cütlüyü Zelenskisiz Ukrayna görməyi planlayırlar”.
Turan Rzayev
Globalinfo.az