Ukraynanın həmin hücumlarını dəstəkləmirik – ABŞ

ABŞ Ukraynanın Rusiyadakı hədəflərə hücumlarını dəstəkləmədiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

O bildirib ki, ABŞ münaqişənin əvvəlindən Ukraynanın öz ərazisindən kənarda zərbələr endirməsini dəstəkləməyib.

“Bu, bizim Ukrayna hökumətinə açıq şəkildə bildirdiyimiz uzunmüddətli siyasətimizdir. Kiyevin Rusiya neft emalı zavodlarına hücumlarını dəstəkləmirik”, – Miller vurğulayıb.

Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Malyuk neft emalı zavodlarına edilən hücumların arxasında onun kəşfiyyat xidmətinin dayandığını etiraf edib.

Xatırladaq ki, ötən həftə ərzində Ukraynanın pilotsuz təyyarələri Rusiya bölgələrindəki neft emalı zavodlarına bir neçə hücum həyata keçirib. Rəsmi Kiyev isə bu təxribatların arxasında ölkənin xüsusi xidmət orqanlarının dayanması ilə bağlı yayılan xəbərlərə heç bir rəsmi açıqlama verməyib.

Əliyar Xəlil
Globalinfo.az