Zelenskinin təəccüb doğuran qərarı – Rusiya “türk kartı” ilə vurulur

Ukrayna Prezidenti Volodimir Zelenski “Rusiya Federasiyasının tarixən ukraynalıların yaratdığı ərazilərdə yaşaması haqqında” fərman imzalayıb. Zelenskinin saytında dərc olunan fərmanın mətnində deyilir ki, Ukrayna hakimiyyəti Rusiyanın müasir Krasnodar diyarı, Belqorod, Bryansk, Voronej, Kursk, Rostov kimi tarixən məskunlaşdıqları torpaqlar da daxil olmaqla, Rusiya Federasiyasında ukraynalıların milli mənsubiyyətinin qorunması üzrə tədbirlər planı hazırlayacaqlar.

“Bu, Ukraynanın gələcəyi naminə tarixi keçmişlə bağlı həqiqətin qaytarılmasıdır. Kiyev hakimiyyəti hüquq və azadlıqların uzlaşması, ukraynalılar və tariximiz haqqında həqiqətlər üçün hər şeyi etməlidir”, – Zelenski bildirib.

Maraqlıdır, Zelenskinin bu addımı nəyə hesablanıb?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, sözügedən sənəd daha çox psixoloji və informasiya müharibəsi kontekstində əhəmiyyətlidir:

“Zelenski bu fərmanla, bir növ, tarixi yaddaşı bərpa etməyə çalışır. Eyni zamanda, bu məsələ müəyyən qədər Rusiya əhalisinin ictimai rəyinə də təsir edə bilər. Rusiya daxilində türkdilli xalqların, o cümlədən başqırdların və altayların fəallaşdığı bir məqamda sözügedən fərman xüsusi diqqət çəkir. Ümumiyyətlə, Ukrayna Rusiyanı daxildən parçalamağa, rus xalqını ayağa qaldırmağa çalışır.

Kənan Novruzov

Amma bu fərman heç də həlledici deyil. Əsas məsələ döyüş meydanında həll olunur və görünən odur ki, həm Rusiya, həm də Ukrayna “dalana dirənib”. Proseslərin necə inkişaf edəcəyini gözləmək lazımdır. Hazırda Rusiya daxilində kataklizmin ilkin elementləri müşahidə olunur”.

Turan Rzayev
Globalinfo.az