Azərbaycanlı alim kirayədə yaşadığı evdən çıxarıldı – VİDEO

İlahiyyatçı-alim, fəlsəfə doktoru Fazil İsmayılov kirayə qaldığı mənzilin pulunu ödəyə bilmədiyi üçün həmin evdən çıxarılıb. Vəziyyəti əks etdirən görüntülər müzakirələrə səbəb olub.

Mövzunu Globalinfo.az-a şərh edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev ziyalı bir şəxsin evdən çıxarılmasına təəssüf etdiyini bildirib:

“Mən buna yalnız üzülürəm. Təəssüf ki, ona dəstək ola bilməyəcəyəm. Layiqli bir adamın evdən çıxarılması doğrudan da insanda yalnız təəssüf doğurur”, – A.Rzayev deyib.

AYB sədri Anar Rzayev

Qeyd edək ki, Fazil İsmayılov əşyaları və əlyazmaları ilə birlikdə küçədə gecələyib. Alimin 5 mindən artıq kitabının olduğu bildirilir. F.İsmayılov xəbəri təsdiqləyərək, üzləşdiyi durumu “faciə” adlandırıb.

Alimin Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdiyi bildirilir.

Məsələni dəqiqləşdirmək üçün Yasamal RİH-lə əlaqə saxlamağa çalışdıq. Lakin cəhdlərimiz baş tutmadı.

Fazil İsmayılov 17 il Ankara Universitetində müəllim işləyib. O, 29 kitabın müəllifidir. Quranı rus və Azərbaycan dillərinə tərcümə edib.

Zaira Akifqızı
Globalinfo.az