Putin yeni doktrina elan edir – Azərbaycanı nə gözləyir?

Vladimir Putin Rusiyada keçirilən prezident seçkilərinin qalibi olaraq növbəti dəfə ölkə başçısı seçilib.

Maraqlıdır, bundan sonra Rusiyanı hansı mərhələ gözləyir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Putindən öncə hakimiyyətdə olan Boris Yeltsinin siyasəti nəticəsində Rusiya dağılmaq üzrə idi:

“Yeltsinin dövründə Rusiyanın həm hərbi sənayesi, həm siyasəti, həm də iqtisadiyyatında xaos var idi, ölkə vətəndaş müharibəsinin astanasında idi, Çeçenistanda hərbi qarşıdurma yaranmışdı. Vladimir Putinin hakimiyyətə gəlməsi ilə Rusiyada stabillik yarandı, xaricə olan borclar ödəndi. Rusiyanın güclənməsində Putinin mühüm rolu var. Başda ABŞ olmaqla, Qərb ölkələri bu güclənmədən narahat idi. Nəticədə Rusiyanı düşmən elan edərək, dünya xəritəsindən silmək üçün siyasi fəaliyyət kursu həyata keçirdilər. Putin isə bu cür siyasətlə barışmayıb adekvat cavablar verdi və Rusiya dünya siyasətində güc mərkəzi kimi bütün sahələrdə söz sahibinə çevrildi”.

Azad Məsiyev qeyd edib ki, ABŞ-ın fəaliyyəti nəticəsində Rusiya müharibəyə sürükləndi:

“Qərb ölkələri düşünürdü ki, Rusiya sanksiyalar səbəbindən iqtisadi cəhətdən zəifləyəcək, xalq qiyam qaldırcaq, nəticədə hakimiyyət dəyişikliyi olacaq. Birləşmiş Ştatların bu planı fiyaskoya uğradı. Əksinə Ukrayna münaqişəsi ilə Rusiyada vahid birlik yarandı, Putinin reytinqi artdı”.

Politoloqun fikrincə, Vladimir Putin Rusiyanın doktrinasında yeni hədəflər qoyacaq:

“Cənubi Qafqaz Moskva üçün önəmlidir. Putin bu sahədə daha aktiv siyasət kursu həyata keçirəcək. Çünki Rusiyanın dünya bazarına çıxması üçün Cənubi Qafqaz xüsusi önəm kəsb edir. Bu prosesdə Azərbaycan da mühüm yer tutur, çünki Moskva ilə ikitərəfli münasibətlər yüksək səviyyədədir. Ümumilikdə Vladimir Putinin qələbəsi mövcud qarşıdurmalarda Rusiyanın maraqlarına qarşı atılan addımlara daha konkret cavab verməsinə səbəb olacaq”.

Safura Bənnayeva
Globalinfo.az