Putin Rusiyadan niyə çıxa bilmir? – Ərdoğanın səfərinin gizlinləri…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Rusiyada görüşəcək. Ərdoğanın həmkarı ilə Rusiyada görüşməsi müəyyən suallar doğurub.

Maraqlıdır, Putin nə üçün Türkiyəyə səfər etmir? Onu bu səfərdən çəkindirən nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Rusiya və Türkiyə arasında münasibətlər Ərdoğanın növbəti dəfə prezident seçilməsindən sonra bir qədər fərqli məcrada inkişaf edir:

“Ərdoğan hazırda daha çox Qərbmeyilli siyasət yürüdür. O, Türkiyənin Qərblə münasibətlərinin real vəziyyətini seçki prosesində gördü. Hətta müxalifət bunu seçki prosesi zamanı onun əleyhinə çevirməyi bacardı.

İlyas Hüseynov

Təbii ki, Türkiyənin Qərblə münasibətləri normallaşdırmaq istəməsi Rusiya ilə münasibətlərə təsir etməyəcək. Ümumiyyətlə, Ankara Kremllə balanslı siyasətdə maraqlıdır.
Rusiya da burada öz tələblərini irəli sürür. Xüsusilə “Taxıl sazişi”ni birtərəfli qaydada dayandırmaq buna misal ola bilər. Lakin Türkiyə bu məsələdə nəticənin əldə edilməsini istəyir. Hətta Rusiya və Türkiyə prezidentləri görüşdən sonra bu istiqamətdə razılaşma əldə edə bilər.

Əslində, liderlərin görüşü seçkidən əvvəl olacaqdı. Rəsmi Moskva yanlış təəssürat yaratması ehtimalına görə səfəri ləğv etdi. Hazırda Putinin Türkiyəyə gəlməməsi isə Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Moskvanın davamlı dron hücumlarına məruz qalması və cəbhədə döyüşlərin intensivləşməsi Putini ölkədən çıxmamağa məcbur edir”.

Turan Rzayev
Globalinfo.az