Putin Qərbi Ukrayna cəbhəsində “parçalayır” – NATO baş katibinin ilginc açıqlaması

NATO-nun Baş katibi Yens Stoltenberq Almaniya mediasına müsahibəsində qeyd edib ki, Ukraynada uzun müddət davam edəcək müharibəyə hazırlaşmaq lazımdır.

NATO ölkələrinin sülh istədiyini deyən Stoltenberq, Volodimir Zelenski və ukraynalıların döyüşləri dayandıracaqları təqdirdə, ölkələrinin mövcudluğunu itirəcəyini bildirib.

Bəs doğurdanmı müharibə davam etməsə, Ukrayna məhv olacaq? NATO baş katibinin açıqlaması nədən xəbər verir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Stoltenberqin bu açıqlaması təhdid xarakterlidir:

İlyas Hüseynov

“Hazırda Rusiya-Ukrayna müharibəsinin dayandırılması, sülhün əldə edilməsi, Ukraynanın ərazi bütövlüyünün bərpası istiqamətində qəti fikir yoxdur. Həmçinin tərəfləri barışdırmaq və mümkün sülh əldə etmək üçün də heç bir addım atılmır. Sadəcə müharibənin naməlum müddətə uzatmaq üçün təşəbbüslər irəli sürülür. NATO baş katibinin bu fikirləri də hazırkı vəziyyətdə təhdid xarakteri daşıyır. Ukraynanı ya müharibəni davam etdirməyə, ya da işğal faktı ilə razılaşaraq reallığı qəbullanmağa məcbur edirlər. Bu da Kiyev prizmasından təbii olaraq qəbuledilməzdir. Ukrayna Krım da daxil olmaqla öz ərazi bütövlüyünü bərpa etmək niyyətindədir. Lakin Qərbin burada müharibədən qazanclı çıxmaq daha çox niyyəti özünü göstərir”.

“Hazırda müharibə kontekstində ABŞ ilə Avropa ailəsi arasında ziddiyyətlər hiss olunur. Avropa ABŞ-dan sıxılmış qaz alaraq ekologiyaya ziyan vurulmasına da göz yumur. Vaşinqton da çox rahatlıqla sıxılmış qazı Avropaya satır. Yəni indiki prosesdə maraqlar çox qarışıqdır. Nəticədə Ukrayna şəhərləri viran qalır, insanlar həlak olur. Belə görünür ki, bu hələ uzun müddət davam edəcək”, – İ.Hüseynov bildirib.

Ayşən Mustafa
Globalinfo.az