Rusiya Prezidenti Vladimir Putin noyabrın 22-də Ermənistana səfər edəcək.
V.Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığında noyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçiriləcək sammitinə hazırlıq mərhələsini müzakirə ediblər.
Politoloq Samir Hümbətov Globalinfo.az-a açıqlaması zamanı bildirib ki, KTMT-nin sammitinin İrəvanda keçirilməsi və Putinin də bura səfər etməsi xüsusi önəm daşıyır:
“Putin son dövrlər Ermənistanda formalaşan antirusiya əhvalını aradan qaldırmaq və onun Qərbə inteqarasiyasının qarşısını almaq üçün bu ölkəyə səfər edir. Onun sırf dövlət başçılarının zirvə toplantısında iştirak etmək üçün səfər etməsi inandırıcı gəlmir. Putin Valday diskussiya klubunda və Soçi görüşündə Ermənistana verdiyi dırnaqarası dəstəyi yeniləmək və onu şirnikləndirmək istəyəcək. Bu, erməni cəmiyyətini manipulyasiya etməyə hesablanmış səfər kimi yadda qala bilər”.
S.Hümbətov qeyd edib ki, verilən məlumata görə, sammitdə Qarabağ məsələsi müzakirə olunmalıdır:
“Ancaq Qarabağın həqiqi və beynəlxalq birlik tərəfindən tanınan sahibi Azərbaycandırsa, bu məsələ onun iştirakı ilə müzakirə edilməlidir, Azərbaycan isə orada iştirak etmir . Rusiya bu sammitdə nəyi müzakirə etməsindən asılı olmayaraq, bu Azərbaycana maraqlı olmayacaq”.
Politoloq Turab Rzayev isə bildirib ki, Ermənistanda mərkəzdənqaçma meylləri kifayət qədər güclənib.
“Artıq Ermənistanda açıq şəkildə həm KTMT-dən çıxmaq iddiaları səsləndirilir, həm də Rusiya bazalarının çıxarılması üçün mitinqlər olur. Onlar, “Rusiya nə Qarabağda Ermənistana kömək etdi, nə Ermənistanın sərhədini qoruyur, əgər belədirsə, bizə nəyə lazımdır” – deyə sual edirlər”.
Ekspert vurğulayıb ki, Putinin səfərinin əsas məqsədi öz hakimiyyətini və Ermənistanda Rusiyanın mövqelərini möhkəmləndirməkdir: “Həmçinin Rusiyanın Ermənistanın yanında olduğunu göstərmək istəyir ki, Rusiya Ermənistanda kifayət qədər güclüdür və buranı tərk edə bilməz”.
Gülnar Səlimova,














