putin imza

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrindən kənd təsərrüfatı və ərzaq məhsullarının ölkəyə idxalına tətbiq edilən məhdudiyyətlərin müddətini daha iki il uzadıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı prezident fərmanı Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.

Sənəddə qeyd olunur ki, 2014-cü il avqustun 6-da imzalanmış fərmanla tətbiq edilən xüsusi iqtisadi tədbirlər 2027-ci il yanvarın 1-dən 2028-ci il dekabrın 31-dək qüvvədə qalacaq.

Fərmana əsasən, Rusiya hökuməti qərarın icrası üçün müvafiq tədbirləri görməlidir. Eyni zamanda, zərurət yaranacağı təqdirdə məhdudiyyətlərin müddətinin dəyişdirilməsi ilə bağlı təkliflərin hazırlanması da hökumətə tapşırılıb.

Xatırladaq ki, Moskva Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq 2014-cü il avqustun 7-dən ABŞ, Avropa İttifaqı ölkələri, Avstraliya, Norveç və Kanadadan bir sıra kənd təsərrüfatı və ərzaq məhsullarının idxalına qadağa qoyub.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: