
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
“Dəfələrlə qeyd etdiyimiz kimi, Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır. Bu danışıqlar vaxtilə İstanbulda əldə olunan razılaşmalara, Ankoricdə müzakirə edilən yanaşmalara, ən əsası isə mövcud reallıqlara əsaslanmalıdır. Həmçinin, bir neçə il əvvəl Xarici İşlər Nazirliyində çıxışım zamanı səsləndirdiyim prinsiplər də nəzərə alınmalıdır”, – deyə Putin bildirib.
Xatırladaq ki, İstanbul razılaşmaları 2022-ci ilin yazında hazırlanıb. Həmin sənəd layihəsinə əsasən, Ukrayna NATO-ya üzvlükdən imtina edir və ordusunun sayını məhdudlaşdırır, bunun müqabilində isə təhlükəsizlik zəmanətləri alırdı. Krım faktiki olaraq Rusiyanın nəzarətində qalır, Donbasın işğal olunan hissələrinin taleyi isə sonradan Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında aparılacaq danışıqlarda həll edilməli idi.
Qeyd edək ki, 2022-ci ildə İstanbulda keçirilən danışıqlar Rusiyanın sonradan dörd Ukrayna vilayətinin ilhaqını elan etməsindən əvvəl baş tutub. Son bir ildə Moskva Kiyevi “Ankoric əsasında” danışıqlara çağırıb. Bununla Rusiya tərəfi Putinin və ABŞ Prezidenti Donald Trampın Alyaskada keçirdiyi görüşü nəzərdə tutur. Moskvanın şərhinə görə, həmin görüşdə ABŞ faktiki olaraq Moskvanın nəzarət etdiyi bölgələrin Rusiyaya məxsus olması ilə bağlı mövqeyi qəbul edib.
Kiyev isə danışıqların başlanması üçün ilk növbədə atəşkəs elan olunmasını istəyir və Donbasın Rusiyaya verilməsi ehtimalını qəti şəkildə rədd edir.
Əliyar Xəlil