“Priqojin hər şeyi əvvəlcədən planlaşdırıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə ISW analitikləri yazıb.
Onlar Putinin “aşpaz”ı olmuş bu şəxsi üsyana sürükləyən səbəbləri araşdırıb:
“Priqojin güman edib ki, “Vaqner”i müstəqil saxlamaq üçün yeganə yol Müdafiə Nazirliyinə qarşı yeni yanaşma təşkil etməkdir. Rusiya MN tərəfindən 1 iyul tarixinə qədər bütün könüllü birləşmələrin qurumla müqavilə imzalaması tələbi Priqojin tərəfindən təhlükə kimi qəbul edilib.
O qərara gəlib ki, “Vaqner”i tam itirmək əvəzinə, Rusiya MN rəhbərliyini vəzifədən uzaqlaşdırmağa cəhd göstərmək daha yaxşı olar”.
Hərbi analitiklər hesab edirlər ki, Priqojin hər şeyi əvvəlcədən planlaşdırıb, hətta döyüşçülərin hərəkət sürəti də nəzərə alınıb.
Analitiklər həmçinin qruplaşmanın gələcəyi ilə bağlı proqnozlar da veriblər. Onların fikrincə, Belarus prezidentinin vasitəçiliyi ilə əldə olunan razılaşma, çox güman, “Vaqner”in Priqojinin rəhbərliyində müstəqil oyunçu kimi zərərsizləşdirilməsi ilə nəticələnəcək.
Hesab olunur ki, üsyanla bağlı cinayət işinin üzərindən götürülməsi hesabına Priqojin “Vaqner”in rəhbərliyindən əl çəkməli olacaq.
Əgər razılaşma Kremlin mətbuat katibi Dmitri Peskovun dediyi kimi olacaqsa, o zaman Sergey Şoyqunun arzusu gerçəkləşəcək və “Vaqner”in bir hissəsi Rusiya MN-ə tabe olacaq.
Tamerlan Yayaqan
Globalinfo.az














