Proses yeni başlayıb, Putin hakimiyyətdən gedəcək – Politoloq

Proses yeni başlayıb, Putin hakimiyyətdən gedəcək - Politoloq

Ötən gün Rusiyada baş verən hərbi çevriliş cəhdi müxtəlif istiqamətdə təhlil edilir. Bir çox ekspertlər Rusiyanın “Vaqner” xüsusi hərbi qruplaşmasının başçısı Yevgeni Priqojinin ölkə lideri Vladimir Putini devirmək istəməsinin elə prezidentin öz ssenarisi olduğunu deyir.

Ümumiyyətlə, Moskvada sabitlik bərpa olunur, yoxsa bu, sonun başlanğıcı sayıla bilər? Priqojinin taleyi necə olacaq: mükafatlandırılacaq, ya “boynu vurulacaq”?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, proses yeni başlayıb və davam etməkdədir:

Proses yeni başlayıb, Putin hakimiyyətdən gedəcək - Politoloq

Qabil Hüseynli

“Priqojinin bəlli tələbləri var. Bunlar Rusiya müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov və ordu komandirlərinə aid tələblərdir. Dedikləri yerinə yetirildikdən sonra ola bilər ki, müəyyən bir nisbi sakitlik yaransın. Zənnimcə, prosesin davamı olacaq və bu, Putinin hakimiyyətdən getməsi ilə nəticələnəcək”.

Politoloq Əhəd Məmmədli isə Putinin hakimiyyətdən gedəcəyini düşünmədiyini bildirib:

“Fikrimcə, gec, ya tez Priqojin cəzalandırılacaq – bu, ssenari olsa da, olmasa da. Rus ordusunda, siyasi elitasında hərbi sahə ilə bağlı problemlər daxildə yaşanan qarşıdurmadan xəbər verir. İndiki vəziyyətdə Priqojinin etdikləri istənilən halda Putinin imicinə, nüfuzuna ziyandır. Mən bunu mənfi hal olaraq qəbul edirəm.

Proses yeni başlayıb, Putin hakimiyyətdən gedəcək - Politoloq

Əhəd Məmmədli

Baxmayaraq ki, Putinin razılığı ilə Lukaşenko məsələyə müdaxilə etdi, amma yenə də istənilən halda artıq rus dövlətinin imicinə xələl gəlmiş oldu. Putini devirmək mümkün olmayacaq, o, ölənə qədər hakimiyyətdə qalacaq. Hə, Putin öldükdən sonra nələrsə gözləmək mümkündür”.

Zaira Akifqızı
Globalinfo.az