Priqojinin qətlini o məşhur şəxs təşkil edib – Sensasiya

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi, Putinin “aşpazı” Yevgeni Priqojinin ölümünü Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təşkil edib.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Vol Strit Jurnal” nəşri məlumat yayıb.

Nəşr hadisə ilə bağlı informasiyanı Qərb kəşfiyyat idarələrindəki anonim mənbədən aldığını qeyd edib.

Qəzet yazır ki, N.Patruşev 2022-ci ilin yayında Yevgeni Priqojinin güclənməsi və birliyə təsirinin artması ilə bağlı Vladimir Putini xəbərdar edib. Lakin “Vaqner” döyüşçüləri Ukraynadakı müharibədə uğurlu nəticə göstərdikləri üçün Rusiya prezidenti bunu dinləməyib.

Həmin ilin oktyabrında Y.Priqojin Putinə zəng edib və sursat çatışmazlığından şikayətlənib, ağır itkilərinin olduğunu deyib. Bu an Patruşev Putinin ofisində olub və Priqojinin şikayətlərinə əhəmiyyət verməyib.

Məqalədə deyilir ki, 2023-cü ilin iyununda Priqojin üsyana başlayanda Patruşev bunu “Vaqner”dən yaxa qurtarmaq üçün fürsət kimi görüb. Üsyandan sonra Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” muzdlularının ölkə ərazisinə köçürülməsinə razı olduqdan və Putin onların təqibini dayandırmağa söz verdikdən sonra Patruşev plan qurmağa başlayıb və Priqojini öldürməyi hədəfləyib.

İddia edilir ki, Patruşev “Vaqner” rəhbərinin qətli planını Rusiya prezidentinə göstərib və o etiraz etməyib:

“Daha sonra avqustun 23-də Priqojinin uçmalı olduğu Embraer-135 təyyarəsinin qanadının altına bomba yerləşdirilib”.

Əliyar Xəlil
Globalinfo.az