Prezidentin Özbəkistan səfərində Ukrayna detalı: Bakı bu aqibətlə üzləşməmək üçün…

Globalinfo.az politoloq Xəyal Bəşirovun Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı müsahibəsini təqdim edir:

– Xəyal bəy, bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda səfərdədir. Ölkə başçısı xüsusilə son zamanlar Mərkəzi Asiya və Özbəkistana səfər edir. Bu səfərlərin məqsədi, məramı nədir?

– Prezident İlham Əliyevin istər Mərkəzi Asiya ölkələrinə, istərsə də Özbəkistana səfəri artıq adi hal alıb. Mərkəzi Asiya ölkələri Tacikistan xaric həm türk dilli ölkələrdir, həm də TDT-nin üzvüdür. Dövlətlərarası münasibətlərdə dil, din, etnik bağlılıq mühüm faktordur. Azərbaycan eyni kökdən olduğu ölkələr ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.

Mərkəzi Asiya ölkələri ilə münasibətlərimizin inkişaf etməsi indiki məqamda xüsusilə vacibdir. Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi davam edir. Hər iki ölkə həm slavyandır, həm ortaq tarixə malikdir, həm də eyni dinin eyni məzhəbinə inanır.

Əslində Rusiya-Ukrayna müharibəsi Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə xüsusilə Özbəkistanla münasibətləri yüksəltmə səbəbini açıqlayır. Gələcəkdə bənzər situasiyalar ilə üzləşməmək üçün türk ölkələri ilə münasibətlərinin inkişafına diqqət etməliyik.

– Aydın məsələdir ki, Azərbaycanı Özbəkistana yaxşınlaşdıran tək səbəb bu ölkənin türk olması, ya da mədəni baxımdan bizə yaxın olması deyil…

– Əlbəttə, burada siyasi, iqtisadi maraqlar da var. Özbəkistan Orta dəhlizin mühüm bir nöqtəsində yerləşir. Bu Azərbaycan üçün çox vacibdir. Çünki Azərbaycan özü də həmin dəhlizin önəmli bir hissəsində yerləşir. Qarabağ müharibəsindən sonra isə Cənubi Qafqazda, xüsusilə Azərbaycanda təhlükəsizlik tam təmin edildi. Bu fakt Özbəkistan və Azərbaycan əməkdaşlığının inkişafını zəruri edir. Bundan başqa Özbəkistan Bakının regional əhəmiyyətini başa düşdüyü üçün özü də bu əməkdaşlıqda maraqlıdır.

Xəyal Bəşirov

İki ölkə arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Belə ki, 2008-ci ildə BMT Baş Assambleyası tərəfindən işğal altında olan ərazilərindəki vəziyyətlə bağlı qətnamə qəbul edilərkən Mərkəzi Asiya ölkələrindən yalnız Özbəkistan bunun lehinə səs vermişdi. Həmin qətnamədə Ermənistanın işğalı qeyd olunur və işğal vəziyyəti pislənir.
Özbəkistanın digər bir fərqli tərəfi ondan ibarətdir ki, bu günə qədər Ermənistan ilə diplomatik əlaqələr qurmur. Yəni nə Ermənistanın Özbəkistanda, nə də Özbəkistanın Ermənistanda səfiri yoxdur.

Müharibədən sonra ölkə başçısı Özbəkistana üç dəfə səfər edib. Ötən ilin bu aylarında isə Özbəkistan Prezidenti Şövkət Mirzizayev ölkəmizə səfər etdi. Özbəkistan işğaldan azad edilən ərazilərdə məktəb tikir. Bu simvolik bir addım olsa da mahiyyət etibarilə mühümdür.

– Prezidentin Özbəkistana hazırkı səfəri iki ölkə münasibətlərinin gələcəyi baxımından nə vəd edir?

– Azərbaycan-Özbəkistan prezidentlərinin görüşü bir sıra yeni sazişlərinin imzalanması ilə yadda qala bilər. Xüsusilə iqtisadi, siyasi sahədə əməkdaşlığın inkişafı gündəmdədir.

COP29 ilə bağlı da liderlərin danışıq aparması mümkündür. Bu tədbirə ev sahibliyi etdiyimiz dövrdə Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji sahəsində böyük layihələrin icrası gözlənilir. Bu gün bəşəriyyət üçün bu məsələ çox vacibdir. Təbii ki, bir daha qeyd etmək lazımdır ki, Özbəkistanla orta dəhliz “bir kəmər, bir yol” layihəsi istiqamətində görüşlərin keçirilməsi, ortaq layihələrin icrası istiqamətində danışıqların aparılması gözlənilir”.

Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az