Prezidenti İlham Əliyev ötən həftə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Səfər çərçivəsində Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasiminə qatılıb, bir sıra rəsmi şəxslərlə görüş keçirib. İlham Əliyevin BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü də səfərin diqqətçəkən məqamlarından olub.
Azərbaycanın sammitin iştirakçısı olan Yaxın Şərq və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı davam etdirir. Bu, həm geopolitik, həm də logistik nöqteyi-nəzərdən Bakının mövqeyini gücləndirən amil kimi dəyərləndirilir.
Bəs Prezidentin səfəri rəsmi Bakıya hansı dividentlər gətirəcək? Yaxın Şərq və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq Azərbaycana nə qazandıracaq?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov səfərin bir neçə istiqamətdə əhəmiyyət daşıdığını bildirib:
“Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində COP-28 iqlim sammitində iştirak etməsi, bir sıra dövlət başçıları, mühüm səlahiyyətli şəxslərlə görüşlər keçirməsi Azərbaycanın beynəlxalq səviyyədə münasibətlərin inkişaf etdirilməsi baxımından çox əhəmiyyətli, faydalı oldu. Bu, bütün istiqamətlərdə, siyasi, diplomatik, iqtisadi, enerji məsələləri üzrə əlaqələrin genişləndirilməsi üçün çox önəmli hadisə oldu. Ümumiyyətlə Azərbaycanın II Qarabağ müharibəsində əldə etdiyi qələbədən sonra xarici münasibətlərində fərqli inkişaf tempi var. Müharibədən sonra müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların rəhbərlərinin ölkəmizə səfərinə şahid oluruq. Prezident İlham Əliyev də Mərkəzi Asiya, Avropa, Balkan, Yaxın Şərq və bir sıra dünya ölkələrinə rəsmi səfərlər həyata keçirir.
Maraqlı bir tendensiya ortaya çıxıb. Müharibə Azərbaycan dövləti və Prezidentin nüfuzunun artmasına ciddi təsir göstərib. Bunun nəticəsidir ki, İlham Əliyev ölkənin üzv olmadığı təşkilarların tədbirlərinə də fəxri qonaq qismində dəvət edilir”.
Politoloq hazırda dünyada əsas müzakirə mövzularından biri olan Orta Dəhliz məsələsində Azərbaycanın rolunu nəzərə çatdırıb:
“Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallığın məntiqi nəticəsi kimi Orta Dəhlizin tam şəkildə işlək vəziyyətə düşməsi, onun keçmiş münaqişə səbəbi ilə qırılmış həlqəsinin bərpa edilməsi önəmli idi. Bu baxımdan BƏƏ-də dünya iqlim fəaliyyəti ilə bağlı tədbirin keçirilməsi və İlham Əliyevin burada dövlətlər başçıları ilə görüşlərdə iştirak etməsi çox vacibdir. Orta dəhliz elə bir layihədir ki, buradan töhfə almaq hər bir dövlətin marağındadır.
Bu gün biz dövlət olaraq həm özümüzə aid olan karbohidrogen məhsullarının, təbii sərvətlərimizin, o cümlədən alternativ bərpa olunan enerji resurslarının, yaşıl enerjinin Avropaya nəqli baxımından böyük işlər görürük.
Bu dəhliz vasitəsilə biz öz məhsullarımızdan başqa, Xəzəryanı dövlətlərin, Mərkəzi Asiya ölkələrinin, Rusiyanın, Uzaq Şərqdə yerləşən dövlətlərin məhsullarının dünya bazarına çıxarılması baxımından böyük işlərin astanasındayıq. Düşünürəm ki, Uzaq və Yaxın şərqi birləşdirəcək mkörpü rolunu Azərbaycan oynayır. Bakı bunu çox gözəl anlayır və dünya ölkələrini də həqiqəti dərk etməyə çağırır”.
X.Bəşirov BƏƏ səfəri öncəsi prosesləri xatırladaraq, vacib nüanslara diqqət edilməli olduğunu deyib:
“Yaxın Şərq və Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla qonşu dövlətlər karbohidrogen resursları ilə zəngindir. Onların Azərbaycanla əməkdaşlığı təbiidir. Məsələn, BƏƏ-nin “Masdar” şirkətinin rəhbərliyinin ölkəmizə səfəri, Qaradağda günəş elektrik stansiyasının istifadəyə verilməsi, digər obyektlərinin təməlinin qoyulması, İraq Prezidentinin ölkəmizə gəlməsi bu əməkdaşlığa nümunədir. Bütün proseslər Azərbaycanla bərabərhüquqlu əməkdaşlığa marağın artdığını göstərir. BƏƏ-yə səfər gələcəkdə Yaxın Şərqlə əlaqələrin gücləndirilməsi, Azərbaycanın regionda formalaşdırdığı yeni reallığın bu dövlətlər tərəfindən qəbul olunub təsdiqlənməsi baxımından ən vacib hadisələrdən biridir”.
Ayşən Mustafa
Globalinfo.az















