Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılır.
Globalinfo.az bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.
Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən elektron kabinet vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanunun 2.6-cı maddəsinə əsasən vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod- paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1- dək qüvvədə olub.
2024-cü il yanvarın 1-dən etibarən vergi ödəyicilərinin kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı məhdudlaşdırılıb. Həmin tarixdən etibarən elektron kabinetə yalnız gücləndirilmiş elektron imza vasitəsilə daxil olmaq mümkündür. Lakin qanunun tətbiqi prosesində “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, dövlət sosial sığorta ve icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz əldə etməklə fəaliyyət göstərən (məişət cihazlarının təmiri ilə məşğul olan macburi saxslar, ofisiant, dərzi, bərbər, çəkməçi, pinəçi və s.), habelə Azərbaycan ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslərin gücləndirilmiş elektron imza əldə etməsi ilə bağlı bir sıra çətinliklər müəyyən edilib.
Məlum olduğu kimi sözügedən vergi ödəyiciləri tərəfindən vergi orqanına vergi hesabatı (bəyannamə) təqdim edilmir, onlar tərəfindən vergi öhdəliyinin müvafiq qəbzin və fərqlənmə nişanının əldə edilməsi ilə icra olunmuş hesab edilir. Qeyd edilən vergi ödəyiciləri və vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinin təmin edilməsi prosesinin asanlaşdırılması məqsədilə növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində hazırlanmış Vergi Məcəlləsinə dəyişiklik layihəsində Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə dəyişiklik edilməsi təklif edilir. Dəyişikliyə əsasən Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan vergi ödəyicisinin münasibətdə vergi orqanı tərəfindən təqdim edilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq hüququ 2025-ci il yanvarın 1-dən etibarən bərpa edilir.
X X X
Ölkə ərazisində istehsal olunan avtobusların satışı, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı ƏDV-dən azad ediləcək.
Globalinfo.az bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.
Qanuna əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı – 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad olunacaq.
Qeyd edilib ki, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması Azərbaycanın dayanıqlı inkişafının hədəflərindəndir. Bu məqsədlə ölkəmizin avtobus parkının yenilənməsi istiqamətində işlər görülür.
Ölkə Prezidentinin “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü’nün təsdiq edilməsi haqqında 13 yanvar 2024-cü il tarixli 4265 nömrəli Sərəncamında “BakuBus” MMC üçün elektrik mühərrikli avtobusların alınması ilə bağlı 2024-cü il dövlət büdcəsindən 90 milyon manat vəsait ayrılması nəzərdə tutulmuş və həmin avtobusların ölkəmizdə bu sahədə istehsalı həyata keçirəcək təchizatçıdan alınması tapşırılıb. Həmçinin qarşıdakı illərdə də bu istiqamətdə vəsaitlərin ayrılması nəzərdə tutulub. Eyni zamanda Azərbaycanda avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə elektrik avtobusların yerli istehsalının qurulmasına dair müqavilələrin bağlanılması istiqamətində işlər aparılmaqdadır.
Məlum olduğu kimi, Vergi Məcəlləsinin 164.1.41-3-cü maddəsinin qüvvədə olan redaksiyasına əsasən Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilib.
Avtomobil sənayesinə investisiya cəlbininin stimullaşdırılması məqsədilə müvafiq azadolmanın ölkə ərazisində avtobus istehsalına da şamil olunması təklif olunur.
Ölkə Prezidentinin 1 iyul 2022-ci il tarixli 1732 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların Siyahısı”na əsasən minik avtomobillərinin ehtiyat hissələrinin idxalının ƏDV-dən azad edildiyini nəzərə alaraq, eyni yanaşmanın istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalına da tətbiqi nəzərdə tutulur.
“Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 2025-ci il yanvarın 1-dən 8 il müddətinə gömrük rüsumlarından azad edilir.
Hər iki qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
X X X
Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə və rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişləri nağdsız qaydada həyata keçirməyən vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək.
Globalinfo.az bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.
Qanuna əsasən, həmin vergi ödəyicilərinə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.
Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
X X X
Azərbaycanda teatr və kino sənətinin, muzey və simfonik orkestr fəaliyyətinin inkişafına dövlət dəstəyinin bir forması kimi vergi güzəştləri təklif edilir.
Globalinfo.az bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.
Vergi Məcəlləsinə dəyişikliklər aşağıdakılardır:
– fiziki şəxs olan istehlakçılar tərəfindən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizinin həmin şəxslərə geri qaytarılması;
-qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və teatr, muzey, simfonik orkestr, habelə film istehsalı və dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri mənfəətinin 90 faizinin 5 il müddətinə mənfəət vergisindən azad olunması;
-film istehsalı və dublyajı fəaliyyətini həyata keçirən fiziki şəxslərin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin 90 faizinin 5 il müddətinə gəlir vergisindən azad olunması;
-teatr, muzey, simfonik orkestr, habelə film istehsalı və dublyajını həyata keçirən kinomatoqrafiya müəssisələri və film prodüserlerinin bu fəaliyyət sahələrinin həyata keçirildiyi obyektlərinin yerləşdiyi torpaqlara görə 5 il müddətinə torpaq vergisindən azad edilməsi;
– teatr, muzey, simfonik orkestr, habelə filmin istehsalı, yayımı və dublyajı aliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması və yaxud istifadə hüquqlarının verilməsinə görə, royalti gəlirlərinin 5 il müddətinə 14% dərəcə ilə ödəmə tətbiq edilən vergidən azad edilməsi təklif edilir.
Vergi Məcəlləsinə dəyişikliklər qəbul ediləcəyi halda bu müddəalar 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.
X X X
Əcnəbilərə və vətəndaşlığı olmayanlara göstərilən tibbi xidmətlərə görə tax-free rejimində ƏDV geri qaytarılacaq.
Globalinfo.az bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.
Qanuna əsasən, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin geri qaytarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qeyd edilib ki, bir sıra xarici ölkələrdə tibb xidmətləri üzrə ölkə daxilində ƏDV-dən azad olma, əcnəbi şəxslərə münasibətdə isə ƏDV-dən azad olma, sıfır dərəcə və ya differensial dərəcə, habelə ƏDV-nin geri qaytarılması (cashback) mexanizmi tətbiq edilir.
Ölkə daxili və xarici ölkələrin təcrübələrinin araşdırılması nəticəsində tibb turizminin inkişafı və ölkəyə valyuta calb olunmasının stimullaşdırılması məqsədilə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə ƏDV tax-free rejimin tətbiqi təklif edilir.
Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
X X X
Jurnalistlərin əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad ediləcək.
Globalinfo.az bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.
Qanuna əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan və həmin fəaliyyət növündən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azad ediləcək.
Qeyd edilib ki, 01.01.2024-cü il tarixdən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin qüvvədə olan redaksiyasına əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərin 75 %-i gəlir vergisindən azad edilib. Bir sıra fərdi peşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər vardır ki, onlar əhaliyə deyil, digər vergi ödəyicilərinə xidmət göstərdiklərindən sadələşdirilmiş verginin ödəyicisi ola bilmirlər. Həmin şəxslər fərdi qaydada fəaliyyət göstərdikləri üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan güzəştdən də istifadə edə bilmirlər. Bu səbəbdən bəzi xidmət sahələri üzrə fəaliyyət göstərən sahibkarların illik dövriyyəsinin həcmi 45 min manatadək olan mikro sahibkar fiziki şəxslərə münasibətdə ədalətli vergitutmanın tətbiq edilməsinin təmini məqsədilə həmin şəxslərin əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) gəlir vergisindən azad edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif edilir.
Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
X X X
Növbəti ildən illik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikro sahibkar olan fiziki şəxslər əldə etdikləri gəlirlərinin 75 faizi hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) vergidən azad edilir.
Globalinfo.az bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.
Qeyd edilən xidmət sahələri aşağıdakılardır:
– Proqram təminatının işlənməsi;
-layihə-dizayn və dekorasiya sahəsində xidmətlər;
– tərcümə xidmətləri;
– reklam xidmətləri;
– araşdırma və tədqiqat sahəsində fəaliyyət;
– elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
– Hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
– Jurnalistlərin fəaliyyəti;
– Bazar konyukturunun öyrənilməsi;
– Qiymətləndirmə fəaliyyəti;
– Avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla sifarişlərin çatdırılması və kuryer xidməti;
– Turizm bələdçiliyi;
– İxrac xidməti.
Xatırladaq ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azad ediliib.
Əlavə edək ki, təklif edilən güzəştlər yalnız fiziki şəxslərə aiddir, hüququ şəxslər isə əvvəlki qaydada (yəni il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamaq) şərtləri yerinə yetirdikdən sonra güzəştlərdən istifadə edə biləcəklər.
Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.














