Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam və Əsgəran, eləcə də Xankəndi, Xocalıya səfərləri diqqət mərkəzindədir. Səfər çərçivəsində ölkə başçısı Ağdam şəhərində “Hilton Garden İnn” hoteli, eləcə də məktəb və bağçalarda aparılan tikinti işləri, Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub. Bu gün isə Xankəndidə “Bulud” otelinin açılışı, Zəfər parkının təməlqoyma mərasimi baş tutub.
Qeyd olunur ki, İlham Əliyevin Qarabağa səfərləri, regionların bərpası və inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, bu bölgənin Azərbaycanın iqtisadi və sosial həyatına inteqrasiyası üçün atılan addımlar, ölkənin ümumi inkişaf strategiyasının mühüm hissəsini təşkil edir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və müasir infrastrukturun yaradılması bu səfərlərin əsas məqsədlərindən biridir.
Bu səfərlərin siyasi-iqtisadi mesajı, geopolitik göndərməsi nədir?
Globalinfo.az-a danışan deputat Bəhruz Məhərrəmov xatırladıb ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış ölkəmizin 5 milli məqsədindən biridir:
“Ötən dövr ərzində bu istiqamətdə atılan addımlar, xüsusən Vətən müharibəsindəki qələbəmizdən dərhal sonra Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə davamlı səfərləri, cəmi 8 ay ərzində Füzulidə yeni hava limanının açılışı, ardınca Qarabağ və Şərqi Zəngəzura qayıdış prosesi mövcud siyasi iradənin bu milli prioritetimizin realizəsində qətiyyətini göstərir. Nəzərə almalıyıq ki, qayıdış sadə proses deyil. Burada vətəndaşlarımızın 30 il işğalda qalmış, ekosid, urbisid cinayətlərinin hədəfinə çevrilən və hər qarışına mina basdırılan ərazilərə təhlükəsiz və ləyaqətli dönüşü hədəflənib”.
Bəhruz Məhərrəmov
Deputat qeyd edib ki, əhalinin rifahının təmin olunması, həmin bölgələrin iqtisadi potensialının ölkənin ümumilikdə iqtisadi dövriyyəsinə reinteqrasiyasının təmin olunması vacib şərtdir:
“Dövlət başçımızın Ağdam, Xocalı və Xankəndiyə hazırkı səfəri məhz bu niyyətləri özündə ehtiva edir. Yəni səfərlər işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının ümumi dövriyyəyə qoşulması və əhalinin rifahının yüksəldilməsinə hədəflənmiş məqsədyönlü addımdır. Bildiyiniz kimi, Prezident İlham Əliyev Zəfər müjdəsini xalqa çatdırarkən Qarabağ və Şərqi Zəngəzurun dirçəldiləcəyini bəyan etmişdi. Qeyd edilən işlərin fonunda əminliklə demək mümkündür ki, bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Xüsusən bir vaxtlar separatizmin özəyinə çevrilən Xankəndidə görülən işlər Azərbaycanın güc və imkanlarının, o cümlədən İlham Əliyevin qətiyyəti ilə suverenliyimizin təntənəsi hesab olunmalıdır”.
Deputat Azər Badamov isə xatırladıb ki, dövlət başçısı işğaldan azad olunmuş ərazilərə 100-dən çox səfərlər edib:
“İlham Əliyevin hər bir səfəri yeni yaşayış məntəqələrin və infrastruktur layihələrin təməl qoyulması, tikinti işlərin gedişatına baxış keçirlməsi və başa çatmış layihələrin açılışları ilə yadda qalır. Onun növbəti səfəri 18 fevralda Ağdama oldu. 30 il erməni işğalı altında qalmış Ağdam “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırılır. Əslində Ağdamın salındığı vəziyyət ermənilərin vəhşilklərin, vandallığın göstəricisi idi. Bu gün isə Ağdam şəhəri 100 minlik insanın yaşaması üçün layihələndirməklə yenidən tikilir. Buradakı hər bir bina müasir standartlara cavab verir. Hazırda işğaldan azad olunan ərazilər tikinti meydançasına çevrilib. Ermənilər Qarabağda azərbaycanlıların tarixini dağıdaraq özününkiləşdirilməsinə çalışsalar da, məqsədlərinə nail ola bilmədilər. Bu gün yenidən qurlub bərpa olunan tarixi abidələr bu torpaqların əsl sahiblərinin kimin olduğunu bir daha sübut edir”.
Azər Badamov
A.Badamov bildirib ki, işğaldan azad olunan bütün rayonlarda tikinti quruculuq işləri sürətlə davam etdirilir və Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla icra olunur:
“Azərbaycan bunu öz iqtisadi gücü hesabına edir. İşğaldan azad olunmuş bütün ərazilərdə qısa zaman kəsiyində yaşayış məntəqələri yenidən qurulur, bütün infrastruktur layihələri icra olunur. Belə ki, istifadəyə verilmiş iki Beynəlxalq Hava Limanı və tikintisi davam edən üçüncü hava limanı, yaşayış məntəqləri birləşdirən müasir avtomobil və dəmir yollları, enerjinin istehsalı və nəql etmə infrastrukturu, digər layihələr ən yüksək səviyyədə tikilib istifadəyə verilir”.
Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”.
Əliyar Xəlil
Globalinfo.az













