prezident

Azərbaycanda dil siyasəti ilə bağlı atılan yeni addımlar geniş müzakirələrə səbəb olub. Bu fonda Prezidentin ailə üzvlərinin “Azərbaycan dili” platformasının təqdimat mərasimində iştirakı diqqət çəkib.

Bildirək ki, layihənin ideya müəllifi və rəhbəri Alena Əliyevadır. Qeyd olunur ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağındakı çıxışından sonra dilimizlə əlaqəli proseslər daha aktiv mərhələyə keçib. Paralel olaraq, bu təşəbbüslər ölkəmizdə rus dilinin mövqeyinin zəifləməsi, rusdilli məktəblərin bağlanması ehtimalını yenidən gündəmə gətirib.

Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, rus dilinə münasibətlə Azərbaycan dilinin saflığının qorunması məsələlərinin bir-biri ilə əlaqələndirilməsi düzgün deyil:

“Prezident çıxışında ümumiyyətlə, bu mövzuda hər hansı qarşılaşdırmaya toxunmayıb. Dövlət başçısı yalnız Azərbaycan dilinin saflığının qorunmasının vacibliyini vurğulayıb, vətəndaşların öz ana dilində danışmasının önəmini qeyd edib. Çünki dil sadəcə ünsiyyət vasitəsi deyil, milli kimlik və varlıq məsələsidir. Dilin qorunması xalqın mənəvi dəyərlərinin əsas tərkib hissəsidir və bu istiqamətdə bütün vətəndaşların səfərbər olması vacibdir”.

Ceyhun Memmedov 900x675 1

Ceyhun Məmmədov

Millət vəkili bildirib ki, burada məqsəd rus dilinin sıxışdırılması və ya rusdilli məktəblərin ləğvi deyil:

“Əgər gələcəkdə bu mövzu ilə bağlı hər hansı müzakirə aparılarsa və ya qərarlar qəbul edilərsə, bu barədə cəmiyyətə rəsmi məlumat veriləcək. Hazırda əsas məsələ dilimizin saflığının qorunmasıdır. Bu prosesə həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının fəal şəkildə cəlb olunması və töhfə verməsi vacibdir. Bugünkü əsas strateji məqsəd və hədəf də məhz bundan ibarətdir”.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü xatırladıb ki, Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan dili” platformasının təqdimat mərasimi keçirilib:

“Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı tapşırıqlarına uyğun hazırlanan platformanın məqsədi dilimizin öyrədilməsi, sistemli tədrisinin təmin olunması Azərbaycan dövlətinin dil siyasətində milli-mənəvi dəyərlərin qorunmasına, dilin saflığının və inkişafının təmin edilməsinə yönəlmiş diqqətini əks etdirir. Ölkə başçısının ardıcıl və uğurlu dövlət siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutub. Dil bir millətin kimliyi, tarixi yaddaşı və mədəni irsinin əsas sütunudur. Dilin saflığının hər dövrdə qorunması vacibdir”.

terane

Təranə Şükürlü

Dosent qeyd edib ki, rəqəmsal mühit ədəbi dilin təbiətinə yeni baxış gətirib:

“Eyni zamanda internetin yaratdığı qloballaşma imkanları dilimizin beynəlxalq informasiya məkanında təbliğinə də şərait yaradır. Azərbaycan dili hazırda “Google Translate”, “Wikipedia” kimi qlobal platformalarda təmsil olunur, müxtəlif beynəlxalq tədbirlərdə dövlət dili kimi işlədilir. “Azərbaycan dili” platformasının əsas məqsədi dövlətimizin dil siyasətinə xidmət etmək, bu siyasətin reallaşması işinə dəstək verməkdir”.

Qeyd edək ki, “Azərbaycan dili” platformasının təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva iştirak ediblər.

Ləman İmran
Globalinfo.az

Paylaş: