“O aktyoru silkələsən, üstündən Hacı Nuran ağırlıqda pul tökülər” – ETİRAZ

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədovun türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna “Bugatti” avtomobili hədiyyə etdiyi iddia edilir.

Kalaycıoğlu Azərbaycan tamaşaçısına “Kurtlar Vadisi Pusu” serialından tanışdır. Aktyorun canlandırdığı “Zülfükar ağa” obrazı ölkəmizdə rəğbət qazanmış, uzun müddət sevilərək baxılmışdır.

Xeyriyyəçinin bu addımı ictimaiyyətdə birmənalı qarşılanmayıb. Çoxu “o pulla bir neçə xəstənin sağalmasına nail ola bilərdin” və s. kimi şərhlər yazır.

Bu, şou ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Ovqat.com saytının baş redaktoru, şair-publisist Heydər Oğuz deyib ki, təəssüf, Azərbaycanda belə bədxərc “xeyriyyəçilər” çoxdur.

Onun sözlərinə görə, elə adamlar pullarını tamamilə faydasız yerə xərcləyib, bir də adlarını xeyriyyəçi qoyurlar:

“20-ci əsrin əvvəllərində Azərbaycanda Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuza Muxtarov kimi xeyriyyəçilər olub. Adamlar qazandıqları pulları xalqın maariflənməsinə, yeni mədəni mühitin yaradılmasına xərcləyiblər. Qızlar məktəbi yaradıb, yüzlərlə gəncin xaricdə təhsil almasına investisiya yatırıblar. Ölkəmiz məhz bu xeyirxahlıqların sayəsində cəhalətdən qurtulub, özünə millətlərin sırasında layiq olan yeri tutub. İndikilər isə qazandıqlarını ya əxlaqsızlıqların yayılmasına, ya da hansısa xarici aktyorlara bahalı maşınlar almağa sərf edirlər”.

H.Oğuzun dediklərinə görə, etdiyini göstərənlərin məqsədləri aydındır:

“İstəyirlər hər kəs bunlardan danışsın, özlərinin ucuz PR-larını qursunlar. Halbuki, islam dinində “sağ əlin verdiyini sol əl bilməməlidir” əxlaq düsturu var. Heç olmasa, öz ucuz və düşük əməllərini xeyriyyəçilik, özlərini isə xeyriyyəçi adlandırmasınlar. Xeyriyyəçi kasıb-kusuba əl tutan adama deyirlər. Halil İbrahim Kalaycıoğlunu silkələsən, hər cibindən bəlkə də Hacı Nuran ağırlığında pul tökülər. Onun sənin verdiyin maşına nə ehtiyacı var? Düz adamsan, get, şəhid ailəsinə, Qarabağda əlini, qolunu itirən qaziyə yardım et. Axı onların hesabına bu torpaqda başını dik tutub gəzirsən. Onların sayəsində bu ölkədə pul qazana bilir, hətta hansısa müğənniyə milyonluq araba bağışlayırsan. Azərbaycan uğrunda sağlamlığını itirən həmin insanlar isə aclıqdan, yoxsulluqdan, diqqətsizlikdən intihar edirlər”.

Zaira Akifqızı
Globalinfo.az