Prezident bir sıra sənədləri imzaladı

Prezident bir sıra sənədləri imzaladı

Dövlət Dil Komissiyasının yeni tərkibi müəyyənləşəcək.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının yeni tərkibi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

X X X

Qeyri-hökumət təşkilatları tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsinə dair mövcud tələblər təkmilləşdirilib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” haqqında qanunlara dəyişikliyi təsdiq edib.

Sənədə əsasən, hazırki tələblərə uyğun olaraq qeyri-hökumət təşkilatı tərəfindən qüvvədə olan Qanunun 24.0.3-cü maddəsində nəzərdə tutulmuş xidmətlərin (malların satışından, xidmətlər göstərilməsindən, işlərin görülməsindən daxilolmalar) göstərilməsi və işlərin görülməsi müqavilə əsasında həyata keçirilir və xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələr müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır.

Yeni dəyişikliyə görə, qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrdən irəli gələrək bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılması məhdudlaşdırılır ki, bu da yuxarıda qeyd edildiyi kimi, sadalanan xidmətlərdə şəffaflığın təmin edilməsi məqsədi daşıyır.

Qeyd edilib ki, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsi müvafiq qaydada inzibati məsuliyyətə səbəb olur.

X X X

Prezident İlham Əliyev Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi magistralını Kürdəmir rayonunun Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Globalinfo.az xəbər verir ki, Sərəncama əsasən, Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi magistralını on iki min nəfər əhalinin yaşadığı Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.

Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

X X X

Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı yeni vəzifələr verilib.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.40-1-ci və 3.1.40-2-ci yarımbəndlər əlavə edilsin:

“3.1.40-1. müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək;

3.1.40-2. Azərbaycan dilinin inkişafının təmin edilməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycan Respublikasında tanıdılması və təbliği işini həyata keçirmək;”.

Eyni zamanda Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının yeni tərkibi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

X X X

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsində dəyişiklik edilib.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Xidmətin İcraçı direktorunun üç müavini olacaq. Bundan əvvəl müavinlərin sayı bir idi.

Nizamnaməyə əsasən, Xidmətin cari fəaliyyətinə rəhbərliyi İcraçı direktor həyata keçirir. İcraçı direktor Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İcraçı direktorun onun təqdimatı əsasında Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini var.