Prezident 1 fərman, 1 sərəncam imzaladı

Prezident 1 fərman, 1 sərəncam imzaladı

Azərbaycanda ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırılıb.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq 6-dan 8-ə çatdırılıb və onların icrası 2030-cu ilədək təmin ediləcək.

Eyni zamanda mövcud və yeni tətbiq ediləcək beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi, Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına təmin ediləcək.

Bundan başqa, Nazirlər Kabineti dörd ay müddətində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi qaydasını təsdiq edib Azərbaycan Prezidentinə məlumat verəcək.

X X X

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” 14 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə 19 avqust 2023-cü il tarixli fərmanında dəyişiklik edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, istehsal prosesinin qablaşdırma mərhələsi ölkə ərazisində həyata keçirilən dərman vasitələri və dərman maddələri 2025-ci il iyunun 1-dən 5 il müddətinə “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq satınalma güzəştinin tətbiqi məqsədilə yerli mal hesab edilir.