Polşa Ukraynaya kritik infrastruktur obyektlərində istifadə ediləcək 5 min “Starlink” terminalları təhvil verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov teleqram hesabında məlumat verib.
“Polşadan daha 5 min “Starlink” terminalı aldıq. Ümumilikdə, Ukrayna 50 mindən çox “Starlink” terminalı alıb, bunlardan ən çoxunu – 29 500-ü – Polşa təmin edib”, – Fedorov yazıb.
Nazir bildirib ki, bu terminallar kritik infrastruktur obyektlərində dayanıqlı rabitə təmin etmək üçün istifadə olunacaq.
Daha əvvəl Polşanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat vermişdi ki, 2022-ci ildən 2024-cü ilin sonuna qədər Polşa hökuməti Ukrayna üçün 24,5 min “Starlink” peyk rabitə terminalının alınmasına və abunə xidmətlərinə 83,5 milyon dollar xərcləyib. 2025-ci ildə Varşava bu məqsədlər üçün 20 milyon dollar daha ayırmağı planlaşdırır.
Aysel Əliyeva
Globalinfo.az














