Qarabağda “russkiy mir” ssenarisi baş tutmadı – Həyəcanverici proses

“Bu səhər 60-a yaxın erməni Xankəndi-Gorus istiqamətində getmək üçün Laçın sərhəd-buraxılış məntəqəsindən keçib. Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır. Onlar əsasən Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, artıq həm ermənilər, həm də arxalarında duran qüvvələr anlayıblar ki, Azərbaycanla bu çirkin oyunu davam etdirə bilməyəcəklər:

“Azərbaycan müxtəlif səviyyələrdə daim bəyan edib ki, burada Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər qala bilərlər. Bu şərti qəbul etməyənlər, öz qaydaları ilə yaşamağa çalışanlar üçün qapılar açıqdır, harada istəsələr gedib yaşasınlar”.

İlyas Hüseynov

İ.Hüseynov deyib ki, Azərbaycanda Dnestryanı, Donbass kimi ssenarilər keçmədi:

“Azərbaycanda “russkiy mir” iddiası baş tutmadı. Məcburi olmayan, könüllü xarakter daşıyan bu prosesin davamlı olacağı gözlənilir. Yerdə qalanlar Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunları ilə yaşaya, hətta daha yaxşı yaşaya bilərlər”.

Zaira Akifqızı
Globalinfo.az