Polis gözyaşardıcı qazdan hansı halda istifadə edə bilər? – Hüquqşünas rəyi

 

Polis gözyaşardıcı qazdan hansı halda istifadə edə bilər? - Hüquqşünas rəyi

Gədəbəyin Söyüdlü kəndində yaşlı qadının müqavimət göstərmədiyi halda polisin ona qarşı gözyaşardıcı qazdan istifadə etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Lakin bəziləri qeyd edir ki, polis o an haqlı olaraq həmin qazdan istifadə edib. Ümumiyyətlə, polis hansı halda gözyaşardıcı qazdan istifadə edə bilər? “Polis haqqında” Qanunda bu barədə nə deyilir?

Mövzunu Globalinfo.az-a şərh edən hüquqşünas Elçin Sadıqov deyib ki, konstitusiyanın 49-cu maddəsinə görə hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq üçün azadlıq hüququ var və burada “Sərbəst toplaşma haqqında” Azərbaycan Respublikasının Qanununa təminat verilir:

““Polis haqqında” Qanunun 27-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, insana qarşı fiziki qüvvə, xüsusi vasitələr və odlu silah yalnız son zərurət və ya zəruri müdafiyə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquq pozmanın dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir.

Həmin qanunun 27-ci maddəsinin 2-ci bəndində də qadınlara, azyaşlılara və əlilliyi olan şəxslərə qarşı odlu silah tətbiqi də qadağandır”.

Polis gözyaşardıcı qazdan hansı halda istifadə edə bilər? - Hüquqşünas rəyi

Elçin Sadıqov

Hüquqşünas deyib ki, Gədəbəydəki polisin hərəkəti 27-ci maddənin 1-ci bəndinə ziddir və polis orada müdaxilə həddini açıq şəkildə aşıb:

“Onların şəxsiyyəti müəyyən olunmalı və birmənalı şəkildə məsuliyyətə cəlb edilməlidirlər. Konstitusiyanın 12-ci maddəsi də demokratik cəmiyyətin quruluşuna təminat verir, sərbəst toplaşma azadlığı demokratik cəmiyyətlərin özəyini təşkil edir və sərbəst toplaşma azadlığı olmadan demokratik cəmiyyətin olması da mümkün deyil. Hər bir halda biz gözləyirik ki, prokurorluq həmin polislərin şəxsiyyətini müəyyən edib, cinayət məsuliyyətinə cəlb edəcək”.

Zaira Akifqızı
Globalinfo.az