Polis cinayətkarı yaxalayanda onun başını sığallamalıdır? – ŞƏRH

“Bravo” hipermarketinə hücumdan sonra Daxili İşlər Nazirliyinin (DİN) ünvanına müəyyən iradlar səsləndirildi. Bəzi qruplar DİN-i cinayətkarları vaxtında yaxalamamaq günahlandırdı. Cinayətkarlar tutulduqdan sonra da polisi aşırı güc tətbiqinə, silahdan istifadəyə görə tənqid etdilər.

Əməkdar jurnalist Azər Ayxan mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verib. O, bəzi müşahidələrini və mülahizələrini bölüşüb.

Azər Ayxan

A.Ayxan deyib ki, bu hadisə ilə bağlı əksər rəylərlə tanışdır. O, əsasən peşəkar rəylərə üstünlük verdiyini bildirib:

“Bəlli bir qrup var. Hər şeyi, hər kəsi tənqid etmək üçün fürsət gözləyirlər. Tənqid yaxşıdır, bir şərtlə ki sağlam, qərəzsiz, obyektiv olsun. Bu rəylərin içində məni əsas maraqlandıran peşəkarların dedikləridir. O rəylərdə də hadisə və ondan sonra cərəyan edən proseslər kifayət qədər dolğun şərh edilib. Videoya baxdıqda da görünür ki, bu, öncədən hazırlanmış aktdır. Cinayəti kifayət qədər soyuqqanlı şəkildə törədirlər. Ona görə də onların hadisədən sonra qaçması, ələ keçməməsi gözlənilən idi. Belə bir cinayəti planlaşdıranlar ordan qaçmağı da planlaşdırıblar. Bu səbəbdən cinayətkarların tapılaraq zərərsizləşdirilməsi bir neçə saat çəkdi”.

Azər Ayxan deyib ki, bu cür vəziyyətlərdə təmkinli olmaq lazımdır:

“Şükürlər olsun ki, hadisədən bir neçə saat sonra DİN-in keçirdiyi əməliyyat nəticəsində cinayətkarlar ələ keçdi. Daha dəqiq desək, onlardan biri zərərsizləşdirildi, digəri isə həbs olundu. Bəziləri bu hadisələrə futbol matçına baxırmış kimi yanaşır. Kənardan hər şey sadə görünür – tamaşaçı gözü ilə baxmaq asandı. Tənqid etmək də çətin iş deyil. Lakin elə vəziyyətlərdə qərar vermək, informasiyanı dəyərləndirmək, əməliyyat şəraitini qiymətləndirmək üçün zaman lazım olur. Cinayətkarlar insanların sıx olduğu ərazidə gizlənmişdi. Belə olduqda onları yaxalamaq xeyli çətinlik yaradıb. Nəzərə alaq ki, basqınçılar silahlı olublar. Amma əməliyyatın uğurlu sonluğu cəmiyyətdə dövlətə, polisə inamı daha da artırdı. Burda operativlikdən çox, peşəkarlıq diqqət çəkdi. Əməliyyat zamanı mülki insanlara xətər toxunmadı, kimsə xəsarət almadı. Bu da polisin, bu struktura rəhbərlik edənlərin yüksək peşəkarlıq göstəricilərindən xəbər verir”.

A.Ayxan polisin silahdan istifadə edərək, basqınçılardan birini zərərsizləşdirilməsinə də münasibət bildirib:

“Silahlı şəxsi zərərsizləşdirməkdən söhbət gedirsə, burada polisin silah tətbiq etməsi təbii və zəruridir. Dünyanın hansı ölkəsində qətl törədən, cinayət edən şəxsin başını sığallayırlar? Avropa ölkələrində, ABŞ-da polisin cinayətkarla davranışını görmüşük. Hətta silahsız insanlarla necə rəftar olunduğu da hər birimizə bəllidir. Amerikada polisə tabe olmayan şəxs yerindəcə güllələnir. Onun silahlı-silahsız olması qəti nəzərə alınmır. Avropa ölkələrində də polisin rəftarı məlumdur. Biz bu rəftarı yalnız filmlərdən izləmirik. Real həyatda görmüşük. Qərb ölkələrində polisin vahiməsi, ondan qorxu daha çoxdur. Bu da normaldır. Ölkənin təhlükəsizliyi, cəmiyyətdə asayişin bərqərar olması bu sistemin üzərindədir. Bir az boşluq olarsa, ölkədə xaos yaranar. Əgər polis baş vermiş cinayət iştirakçılarını bir neçə saatdan sonra belə yolla tutursa, buna normal yanaşmaq lazımdır. Cinayətkar polisə silahla müqavimət göstərirsə, ona qanunun tələb etdiyi qaydalarla qarşılıq verilir. İlk növbədə təslim olması üçün bir neçə dəfə xəbərdarlıq olunur. Əgər cinayətkar buna məhəl qoymursa, o zaman onu zərərsizləşdirməyin bir yolu da silah tətbiqidir. Çünki o şəxs silahlıdır və dinc insanlara xətər yetirə bilər. Polisin silahdan istifadəsi qanunla tənzimlənir”.

A.Ayxan bildirib ki, kimliyindən, peşəsindən, siyasi mövqeyindən asılı olmayaraq, bu dövlət hər birimizindir:

“Polis vətəndaşın siyasi, dini, sosial kimliyinə fərq qoymadan onu müdafiə edir. Biz də vətəndaş olaraq üzərimizə düşən nədirsə, onu etməliyik. Polisin daha yaxşı xidmət göstərməsi, bizi daha keyfiyyətli qoruması üçün mane olmamalıyıq, əksinə, əlimizdən gəldiyi qədər dəstək verməliyik”.

Əməkdar jurnalist sonda bunları söyləyib:

“Bu dövlətə, onun vətəndaşlarına uzanan xain əllər qırılmalıdır. Əsla güzəşt ola bilməz. Azərbaycanda xaos yaratmağa çalışan, cinayət törədən qüvvələr darmadağın edilməlidir. Bu məsələdə dövlətimizin, onun hüquq mühafizə orqanlarının yanındayıq, xidmətindəyik!”.

Zaira Akifqızı

Globalinfo.az