Polis Akademiyasına qəbulla bağlı mühüm YENİLİKLƏR

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsində dəyişiklik edilib.

Globalinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən, tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Akademiyanın ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanılır. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul haqqında elanda həmin müqavilənin bağlanılmasının zəruriliyi barədə məlumat verilir.

Yuxarıda göstərilən şəxslərin Akademiyaya qəbulu daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanıldıqdan sonra Akademiya rəisinin əmri ilə rəsmiləşdirilir.

***

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması qaydası hazırlanacaq.

Globalinfo.az xəbər verir ki, bu, Prezidentİlham Əliyevinmüvafiq fərmanı ilə təsdiq edilən

“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti Daxili İşlər Nazirliyinin Polis Akademiyasında bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi isə tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilənin formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

***

Xüsusi təyinatlı təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmuş şəxslərlə daxili işlər orqanlarında xidmətkeçmə haqqında müqavilə bağlanacaq.

Globalinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, bu müqavilədə şəxslərin təhsilini başa vurduqdan sonra yeddi il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi nəzərdə tutulacaq. Təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlı təhsil müəssisəsində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi müəyyənləşəcək.

Qeyd olunan müqavilənin forması və çəkilmiş xərclərin hesablanma qaydası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası tərəfindən müəyyən ediləcək.

Daxili İşlər Nazirliyi xüsusi təyinatlı ali təhsil müəssisəsində bakalavrların hazırlanmasına çəkilmiş xərclər daxili işlər orqanlarında xidmətkeçmə haqqında müqavilə ilə müəyyən edilmiş müddətdə könüllü ödənilmədikdə məhkəmə qaydasında tutulacaq.