PKK qurultay keçirir: özünü buraxacaq – Detallar

PKK qurultay keçirir: özünü buraxacaq - Detallar

PKK terror təşkilatının yaxın bir ay ərzində qurultay keçirəcəyi və özünü buraxacağı gözlənilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Qeyd olunub ki, qurultay İraqın Ərbil və ya Süleymaniyyə şəhərlərində keçiriləcək.

Məlumata görə, PKK-nın konqressinə İraq, Suriya və Avropadan çoxlu sayda üzvü qatılacaq. Qurultayın keçiriləcəyi məkanın təhlükəsizliyini müvafiq ölkə, yəni İraq təmin edəcək. Bununla belə, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Təşkilatı – MİT) da prosesə cəlb olunacaq. Konqresin müəyyən ölkələr və kəşfiyyat qurumları tərəfindən təxribatlara məruz qalmaması üçün bütün lazımi tədbirlər görüləcək.

Türkiyə KİV-nin məlumatına əsasən, bundan sonra silahların toplanmasına başlanılacaq. İraq, Suriya və Türkiyədə məntəqələrin yaradılması gözlənilir. İraq və Suriyadakı proseslər müvafiq ölkənin nəzarəti altında davam edəcək.  Xüsusilə Suriya qanadının tərksilah edilməsi əhəmiyyət kəsb edir. Bu məsələlər Suriya administrasiyası ilə birlikdə işlənəcək.

Qeyd edək ki, terror təşkilatının narkotik, silah və insan alverindən əldə etdiyi 40 milyard dollar məbləğində böyük gəliri var.  Düşünülür ki, PKK-nın bəzi üzvləri bu qazancdan əl çəkmək istəmədikləri üçün silahlarını yerə qoymağa müqavimət göstərə bilər.

Xatırladaq ki, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan fevralın 27-də tərəfdarlarına təslim olmaqla bağlı çağırış edib.

Günay Rəsulqızı
Globalinfo.az