PFL rəsmilərinin son durumu

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin son durumu müəyyənləşib.

Globalinfo.az bildirir ki, bu barədə “Report”a PFL-in media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

Onun sözlərinə görə, bu gündən etibarən Elxan Səmədov tam olaraq reabilitasiya mərhələsinə başlayır:

“Düşünürəm ki, haradasa bir aydan sonra ayağa qalxa bilər. Əməliyyatdan sonra bərpa prosesi üçün müddət vacibdir. Aslan müəllimdə də reabilitasiya davam edir. Hər şey qaydasındadır. Hər birinə zaman lazımdır. Gündə iki dəfə olmaqla reabilitasiyaları qəbul edirlər. Sadəcə, durumları fərqlidir. Aslan müəllim daha ön mərhələdədir”.

Xatırladaq ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol nişanına çırpılıb.