İran Prezidenti Məsud Pezeşkianla Ukrayna Prezidenti Volodimir Zelenskinin hakimiyyətə gəlişi dövrü arasında bənzərliklər nəzərə çarpır. Belə ki, Zelenski hakimiyyətə gəldiyi vaxt Ukrayna ilə Rusiya arasında gərginlik pik həddə çatmışdı. Bir qədər sonra isə müharibə başladı.
Təxminən eyni vəziyyət Pezeşkianın hakimiyyətə gəlişində də müşahidə edilir. Pezeşkian prezident səlahiyyətlərinin icrasına başladığı gün Tehranda dəhşətli terakt törədildi. HƏMAS-ın siyasi qanadının lideri İsmayıl Haniyə öldürüldü. Bunun ardından İranla İsrail arasında müharibə riski artmağa başladı.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İranda islahatçı qanadın nümayəndəsi Məsud Pezeşkianın hakimiyyətə gəlməsi hakim sistemin planı idi:
“Qərblə münasibətlərin normallaşdırılması, İrana sanksiyaların aradan qaldırlması istiqamətində planlar qururdular. Lakin göründüyü kimi SEPAH və İsrail Qərblə İran arasında münasibətlərin normallaşmasında maraqlı deyil. HƏMAS lideri İsmayıl Haniyənin Tehranda sui-qəsd nəticəsində öldürülməsi, Qəzzada baş verən hadisələr İran ətrafında prosesləri daraldıb, Məsud Pezeşkianın xarici siyasətində ciddi problemlər yaratdı. Pezeşkianın “qurbanlıq” seçildiyini demək də olmaz. Sadəcə proseslər bu istiqamətdə irəlilədi.
Məhəmməd Əsədullazadə
Ukrayna Prezidenti Volodimir Zelenski 2019-cu ildə prezident seçildi. Onun hakimiyyətə gəlməsindən bir müddət sonra Rusiya ilə geniş müharibə başladı. 2021-ci ildən başlanan gərginlik 2022-ci ildə tammiqyaslı müharibəyə çevrildi. Sözügedən müharibə hələ də davam edir ki, bu da yeni seçilən prezident üçün olduqca çətin vəziyyətdir.
Göründüyü kimi hər iki prezidentin taleyində oxşarlıqlar var. Hər ikisi müharibə ilə üz-üzə qaldı”.
Safura Bənnayeva
Globalinfo.az














